Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığının tanınmaması

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:

 

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:

 

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə  müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi – üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır (10-cu maddənin ikinci hissəsi, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 28 aprel 2015-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ).

 

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir (18-ci maddə).

 

Qeyd: Son müddəalar (10-cu maddənin ikinci hissəsi və 18-ci maddə) 30 may 2014-cü il tarixinədək digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.

 

Fransa vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə yazılı məlumat verməlidir.

 

Bunun üçün aşağıdakı sənədlərin Səfirliyə göndərilməsi tələb olunur:

 

Ərizə

 

Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti

 

Fransa pasportunun və oturum sənədinin surəti

 

Fransadakı ünvanı göstərən sənədin surəti ( hər hansı faktura və s.)