2017-03-27

Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər (AzerTac)

“Paris Azərbaycan Evi” təşkilatı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Novruz şənliyi təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransızlar iştirak ediblər.

Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışan Mirvari Fətəliyeva qeyd edib ki, “Paris Azərbaycan Evi” ənənəvi olaraq vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri, eyni zamanda, digər tədbirlər təşkil edir. Bu tədbirlər də gənc nəslin vətənə bağlılığını və milli adətlərimizə olan marağını daha da artırır.

Daha sonra təşkilat sədrinin müavinləri və layihənin bədii rəhbəri Mehri Quliyeva ilə Jalə Orucova şagirdlərin hazırladığı Novruz şənliyi barədə danışaraq belə layihələrdə Fransada böyüyən gənc nəslin mədəniyyətimizə olan marağının qürurverici olduğunu vurğulayıblar.

Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruz bayramına dair şeir və mahnılar söyləyib, milli rəqslər ifa ediblər. Novruz ənənələrinə uyğun olaraq iştirakçılar yumurta döyüşdürüb, papaq atıb, yallı sədaları altında halay çəkiblər.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1