2017-03-24

Jan-Mark Eyro: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir + Video (AzerTac)

Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro hazırkı beynəlxalq vəziyyətlə bağlı çıxışından sonra jurnalistlərin suallarını cavablandırıb.

AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə bağlı Fransa nazirinə belə bir sual ünvanlayıb: “Cənab nazir, bildiyiniz kimi, Prezident Fransua Olland bu ay Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdü. Aparılan danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Bu gün hamıya məlumdur ki, Ermənistan 1993-cü ildən Azərbaycan ərazilərinin 20 faizini, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. Ermənistan, həmçinin Azərbaycanla birbaşa danışıqlardan imtina etməklə sülh prosesinə mane olur, hazırkı status-kvonu daha da möhkəmlətməyə çalışır. Prezident Fransua Olland rusiyalı və amerikalı həmkarları ilə birlikdə dəfələrlə status–kvonun qəbuledilməz olduğunu bəyan edib. Münaqişə zonasında hərbi əməliyyatların başlaması üçün hər an təhlükə yaradan indiki çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün Minsk qrupunun üç həmsədr ölkəsindən biri kimi Fransa Ermənistana təsir göstərməyi və ya bu ölkəyə qarşı sanksiya qəbul etməyi nəzərdə tuturmu?

Jan-Mark Eyro suala cavabında deyib: “Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil. Mən prezident Fransua Ollandın hər iki prezidentlə görüşlərində iştirak etdim. O, Fransanın münaqişənin həlli ilə bağlı kömək göstərməyə hazır olduğunu bir daha bildirdi. Əgər tərəflər danışıqlar aparmaq və sülh imzalamaq istəsələr, Fransa konfrans təşkil etməyə hazırdır. Belə münaqişələr yalnız diplomatiya vasitəsilə həllini tapa bilər. Status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir. Fransa münaqişə həll olanadək vasitəçi rolunu davam etdirəcək.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1