2017-05-18
Fransanın bağçılıq və şərabçılıq şirkətləri Azərbaycanın müvafiq qurumları ilə səmərəli əməkdaşlıq edə bilərlər (Azertag.az)

Fransanın bağçılıq və şərabçılıq üzrə ixtisaslaşmış şirkətləri Azərbaycanın müvafiq qurumları ilə səmərəli əməkdaşlıq edə bilərlər

AZƏRTAC xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Fransa ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycanın kənd təsərrüfatı potensialı ilə tanış olmaq və işgüzar əlaqələr qurmaq üçün Bakıya gəlmələri münasibətilə mayın 18-də keçirilən mətbuat konfransında deyib.

Səfir Aurelia Buşez hər iki ölkənin siyasi-iqtisadi əlaqələrinin dinamik inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, Fransa kənd təsərrüfatı sahəsində Azərbaycana öz dəstəyini göstərməyə hazırdır. Belə ki, Fransa Avropa İttifaqında bu sahədə qabaqcıl ölkələrdən biridir. Avropa İttifaqında kənd təsərrüfatı istehsalının 18 faizi, dənli bitkilər üzrə 22 faizi, həmçinin mal-qara sahəsinin 22 faizi məhz Fransanın payına düşür.

Diplomatın sözlərinə görə, təmsil etdiyi ölkənin bağçılıq və şərabçılıq üzrə ixtisaslaşmış şirkətləri Azərbaycanın müvafiq qurumları ilə səmərəli əməkdaşlıq edə bilər. Fransadan Bakıya gəlmiş 7 şirkətin də başlıca missiyası şərabçılıq, qablaşdırma, meyvə və bəzək ağacları bağçılığı sahəsində öz təcrübəsini bölüşməkdir.

Mayın 18-də Bakıda kənd təsərrüfatına həsr olunmuş sərgilərdə sözügedən şirkətlərin iştirakı ilə texniki seminar keçirilib, yerli şirkətlərin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb.

Qeyd olunub ki, həmin görüşlərdən sonra Fransız şirkətləri sabahdan etibarən Azərbaycanın rayonlarına səfər edəcək, onların kənd təsərrüfatı sahəsində potensialları ilə yaxından tanış olacaqlar.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1