2017-06-09
Fransanın “Thales” şirkəti Bakı metropiliteninin “Nərimanov” deposuna baxış keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Müqaviləyə görə, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət “Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək. Bununla əlaqədar şirkətin nümayəndələri - Tomas Lannuzel, Pedro Madureyra Nunyes, Sedrik Lua “Bakı Metropoliteni” QSC-yə ezam olunub.

N.Paşayevin sözlərinə görə, səfər çərçivəsində yenidən qurulması nəzərdə tutulan “Nərimanov” elektrik deposunun işarəvermə və rabitə sistemlərinin, qatar hərəkətinin idarə olunması sistemləri və avadanlıqlarının müasir tələblər səviyyəsinə çatdırılması, o cümlədən yoldəyişdirici qurğuların, yeni nəsil işıqforların quraşdırılmasında buna qədər yaranan suallar yerində araşdırılıb və təkliflərin müzakirəsi aparılıb. “Thales”in nümayəndələri, həmçinin “Nərimanov” elektrik deposunda inşası davam edən qatarların əsaslı təmiri sahəsi və qatarların sınaq yolu ilə yaxından tanış olublar.

“Ümumiyyətlə, qarşılıqlı əməkdaşlıq, fikir və təcrübə mübadiləsi son iki il ərzində mütəmadi davam etdirilib. “Nərimanov” elektrik deposunun park yollarında rels dövrələrinin dəyişdirilməsi, yeni avtostopların quraşdırılması, cütləşmiş yolayırıcıların idarə olunması və digər bu qisimdən olan mövzular ətrafında sonuncu geniş müzakirə mart ayında Bakı metropoliteninin işarəvermə və rabitə xidmətinin əməkdaşlarının Fransaya səfəri zamanı olub. Bu yeniliklər gələcəkdə Bakı metropoliteninin mövcud xətlərində idarəetmə sistemlərinin müasir standartlar səviyyəsinə qaldırılmasının başlanğıcı olacaq”,- deyə N.Paşayev vurğulayıb.

N.Paşayev qeyd edib ki, 2014-cü ildə Fransa prezidenti Fransua Ollandın Bakıya rəsmi səfəri zamanı Azərbaycan-Fransa biznes- forumunun gedişində imzalanmış müqaviləyə əsasən, “Thales” şirkəti yeni xətlərimizin idarəetmə sistemlərinin qurulmasında fəal iştirak edərək, burada CBTC və SCADA şəbəkəsini qurmalı və həmin sistemlərin tələblərinə uyğun yeniliklərə cavab verən yerli kadrların hazırlanmasında da iştirak etməlidir. Buna misal olaraq, “Thales” şirkəti yeni Bənövşəyi xətdə işarəvermə və idarəetmə sistemlərini tətbiq, metropoliteni müvafiq avadanlıqlarla təchiz etməklə yanaşı, həm də kadrların hazırlanmasını da həyata keçirir.

 

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1