2017-06-30
UNEC Fransanın tanınmış universiteti ilə birgə elmi tədqiqatlar aparacaq (AzerTac.az)

Fransanın Valensyen Universitetinin prezidenti, professor Abdelhakim Artibanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Qonağa UNEC barədə məlumat verən rektor Ədalət Muradov bildirib ki, 20 minə yaxın tələbəsi olan ali təhsil ocağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetidir. UNEC-in beynəlxalq əlaqələrindən danışan rektor deyib ki, burada London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramı, həmçinin Fransanın Montpelyer, Litvanın Nikolos Romeyros universitetləri ilə ikili diplom proqramları həyata keçirilir.

Valensyen Universitetinin prezidenti, professor A.Artiba isə rəhbərlik etdiyi ali məktəbin tədris proqramları barədə məlumat verib. O, universitetdə əsasən texnoloji istiqamətdə tələbə hazırlığı həyata keçirildiyini diqqətə çatdırıb. Qonaq UNEC ilə tanışlıqdan məmnun olduğunu bildirib. UNEC-in çox yaxşı universitet olduğunu deyən A.Artiba birgə əməkdaşlığın hər iki təhsil müəssisəsində elm və təhsil səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Görüşdə hər iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonra əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, universitetlər birgə elmi tədqiqatlar aparacaq, elmi tədbirlər təşkil edəcək, elmi nəşrlər hazırlayacaq. Eyni zamanda, kadr mübadiləsi, xüsusilə də müəllim mübadiləsi həyata keçiriləcək. Mübadilə çərçivəsində müəllimlərin universitet nəzdində tədqiqat aparmalarına da şərait yaradılacaq. Sənəd, eyni zamanda, bakalavr, magistr və doktorantların mübadiləsini də nəzərdə tutur.

 

http://azertag.az/xeber/1074335

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1