2017-06-28
ADNSU-nun rektoru Fransanın Valenciennes universitetinin rektoru ilə görüşüb (AzerTac.az)

İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Valenciennes Universitetinin rektoru, professor Abdelhakim Artiba və universitetin vitse-prezidentləri Sebastien Grondel və Arnaud Huftier ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr və birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Fransa və Azərbaycan universitetlərinin ən uğurlu layihəsi olan UFAZ-ın ADNSU üçün qürurverici əməkdaşlıq olduğunu deyən ADNSU-nun rektoru Mustafa Babanlı digər fransız universitetləri ilə də əməkdaşlığa hər zaman açıq olduqlarını və buna yüksək dəyər verdiklərini bildirib.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri və universitetdə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verən rektor Azərbaycanın ən savadlı gənclərinin UFAZ-da təhsil aldığını vurğulayıb.

“UFAZ bu gün bizim ən böyük fəxrimizdir. Bu təkcə Azərbaycanda deyil, regionda böyük bir layihədir. İstərdim ki, bizim bu əməkdaşlıq daha da genişlənsin və biz Fransanın digər ali təhsil ocaqları ilə də əməkdaşlıq edək”, - deyə M.Babanlı bildirib.

ADNSU ilə təhsildə bir çox ümumi maraqlarının olduğunu diqqətə çatdıran Fransanın Valenciennes Universitetinin rektoru Abdelhakim Artiba beynəlxalq əməkdaşlığa daim yüksək dəyər verdiklərini qeyd edib. Rəhbərlik etdiyi universitetın tədris prosesi, əməkdaşlıq əlaqələri, maddi-texniki bazası və digər sahələr haqqında məlumat verən A.Artiba ADNSU ilə əməkdaşlığın əhəmiyyətindən danışıb.

“Biz mövcud sənaye sahələri üzrə, əsasən də texniki və nəqliyyat sahəsində kadr hazırlayırıq. Çox istərdim ki, sizin universitetlə də texniki sahədə əməkdaşlıq edək”, - deyə Valenciennes Universitetinin rektoru bildirib.

Daha sonra dünyadakı dinamik inkişafa çatmaq üçün birgə əməkdaşlıq məsələlərinin vacibliyi vurğulanıb və əməkdaşlıq oluna biləcək sahələr müzakirə olunub. Bu istiqamətdə Startap layihələrinin rolu xüsusi qeyd edilib və Startap üzrə əməkdaşlığın önəmi vurğulanıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib.

 

http://azertag.az/xeber/1073985

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1