2017-06-27
Fransa portalı: Qaçqınlara diqqət Azərbaycan üçün prioritet məsələdir (AzerTac.az)

Fransanın https://blogs.mediapart.fr saytında “Azərbaycanın prioriteti qaçqınlara diqqətdir” adlı məqalə dərc olunub.

Məqalədə iyunun 21-də Fransa Respublikası Senatında Beynəlxalq Qaçqınlar Gününə həsr olunan “Avropa və Fransada unudulmuş münaqişələrin nəticələri: uzun müddətdir qaçqın və məcburi köçkün həyatı yaşayanların vəziyyəti və perspektivlər, Azərbaycan nümunəsi” adlı konfransdan danışılıb.

Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın təşəbbüsü, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin, Avropa Robert Şuman İnstitutunun və Ali Milli Müdafiə Araşdırmaları İnstitutunun Paris-İle-de France Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan ərazilərinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi, bu torpaqlardan didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılmasına baxmayaraq, onlar daim öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşadıqları vurğulanıb.

Ermənistanın işğalçı siyasətinin dəfələrlə beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən pislənildiyi və bu işğala son qoyulmasına dair qətnamələr qəbul edildiyi diqqətə çatdırılıb.

Yazıda torpaqlarımızın 25 ildir işğal altında olmasından, Xocalı soyqırımından, ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətindən, Ermənistanın qeyri-konstruktiv mövqeyindən bəhs edilib. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərə, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqları zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan “Böyük qayıdış” proqramına toxunulub.

2016-cı ildə Bakıda “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradıldığı, erməni vətəndaş cəmiyyətinin nümayəndələrinin də bu təşəbbüsə qoşulmağa dəvət edilməsinə baxmayaraq, Ermənistan tərəfinin həmişə olduğu kimi, yenə də bu platforma ilə bağlı mənfi reaksiya göstərdiyi bildirilib.

 

http://azertag.az/xeber/1073861

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1