2017-07-07
Jan-Lük Reitzer: Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalıdırlar (AzerTac.az)

Dost Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusu tərəfindən törədilən qanlı hadisəyə görə dərin kədərləndiyimi və həmrəyliyimi bildirirəm. Qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Meri olduğum Altkirş şəhəri Horadizlə qardaşlaşıb, buna görə bu hadisə bizi daha çox kədərləndirir və narahat edir. Artıq vaxtdır, ATƏT-in Minsk qrupu konkret fəaliyyət göstərməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Milli Assambleyasının xarici işlər üzrə komissiyasının üzvü, Horadiz şəhəri ilə qardaşlaşan Altkirş şəhərinin meri Jan-Lük Reitzer Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Jan-Lük Reitzer bildirib ki, Fransanın Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı prosesə başlanması təşəbbüsü irəli sürməsinin vaxtı çatıb. Ədalət qələbə çalmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Uzun illərdir davam edən Dağlıq Qarabağ münaqişəsini yaradan Ermənistanı beynəlxalq ictimaiyyət pisləyir. Ancaq təəssüf ki, bu günə qədər bu istiqamətdə konkret addımlar atılmayıb.

Fransa Milli Assambleyasının xarici işlər komissiyasının üzvü kimi ümid edirəm ki, komissiyamız qarşıdan gələn aylarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması təşəbbüsünü irəli sürəcək və bu məsələ komissiyanın gündəliyinə daxil ediləcək.

“Bütün təcavüzkar aktlara qarşı sanksiya və cəza tədbirləri görülməlidir. Alxanlı kəndində törədilən hadisə birinci dəfə deyil, əvvəllərdə Azərbaycanda mülki şəxslər erməni hərbçiləri tərəfindən hədəfə alınıb. Artıq biz bu haqda dəfələrlə eşitmişik. Bu cinayəti törədənlər cəzalanmalı və onlara qarşı sanksiya tətbiq edilməlidir. Alxanlı kəndində qanlı hadisəni törədənlər cəzalandırılmalı və Ermənistanın törətdiyi belə cinayətlərə görə onu təkcə pisləmək kifayət deyil, ona qarşı sanksiyalar tətbiq edilməlidir”, - deyə Jan-Lük Reitzer vurğulayıb.

 

 

http://azertag.az/xeber/1076213

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1