2017-10-24
Palermo şəhəri ilə Azərbaycanın bölgələri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyada keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində Siciliyanın Palermo şəhərinin meri Leoluka Orlando ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə L.Orlandonun vaxtilə İtaliya Parlamentinin üzvü qismində Azərbaycana səfəri, səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli məhsuldar görüşləri və Azərbaycan haqqında xoş xatirələrini məmnunluqla qeyd edib.

Görüşdə Palermo ilə ölkəmizin bölgələri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Regionlararası əməkdaşlıq çərçivəsində turizm, kənd-təsərrüfatı, mədəniyyət, şəhər idarəçiliyi üzrə təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd olunub.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından olduğunu, bütün sahələrdə ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd edərək, ölkələrimizin regionları arasında da əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb.

https://azertag.az/xeber/Palermo_seheri_ile_Azerbaycanin_bolgeleri_arasinda_elaqelerin_inkisafina_dair_fikir_mubadilesi_aparilib-1105661

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1