2017-10-26
ALJİR- Akmola siyasi repressiya qurbanları düşərgəsində 44 azərbaycanlı qadın sürgün həyatı yaşayıb VİDEO

1937-53-cü illər siyasi repressiya qurbanlarının həyat yoldaşları üçün məcburi əmək, daha doğrusu sürgün düşərgəsi – ALJİR- “Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi”nin (Akmolinskiy Lager Jen İzmennikov Rodinı) yaradılmasından 80 il ötür. Qanlı-qadalı, işgəncəli sürgün dövründə minlərlə azərbaycanlı həyatını itirdi, bəziləri gec də olsa bəraət aldı, bəzilərinə isə bir daha yaxınlarının üzünü görmək belə qismət olmadı. İndi muzey olan və xanımlar üçün nəzərdə tutulan həmin sürgün düşərgələrindən biri - ALJİR Qazaxıstan paytaxtının yaxınlığında yerləşir.

Azərbaycanlıların Qazaxıstana sürgününün ən acı məqamlarını əks etdirən indiki ALJİR muzeyi 70-80 il əvvəl QULAQ-ın Qazaxıstan ərazisindəki əsas düşərgələrindən biri olub. QULAQ – yəni, baş düşərgələr idarəsi 1930-50-ci illərdə məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu idi. Çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr mühakiməsiz edamın əsas yerlərindən biri, SSRİ-də siyasi repressiyaların başlıca aləti olmuşdu. “Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi”ndə rəsmi məlumatlara görə, 17 min qadın günahsız yerə məhkumluq həyatı yaşayıb.

ALJİR - Siyasi Repressiyalar və Totalitarizm Memorial Kompleksi 2007-ci il mayın 31-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə açılıb.

1997-ci il aprelin 5-də Nursultan Nazarbayev “Siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin fərmana əsasən siyasi repressiyaya məruz qalan insanlara dövlət təzminatı verildi.

Muzey kütləvi repressiya qurbanlarının 70 illiyinə həsr olunub. Düşərgəyə əsasən qadınlar- “vətən xainlərinin” arvadları, anaları, bacıları, qızları sürgün olunurdu. 1937-ci ildə siyasi xadimlər, yazıçılar, alimlər, Sovet İttifaqında xüsusi xidmətləri olan və bir saatın içində “vətən xainlərinə” çevrilənlərin kütləvi sürgünləri başladı. Həbs olunan, əvvəlcə yaşadıqları ərazilərin həbsxana və zindanlarında aylarla zülm və işgəncə çəkən, bəzilərinin əllərində 1 yaşından 3 yaşına qədər uşaqları olan qadınların ilk etapını düşərgəyə taxta vaqonlarda 1938-ci ilin yanvarında gətiriblər. Hətta, onları bura gətirən “Stalin” qatarının orijinal nümunəsi saxlanılıb. Qadınlar Qazaxıstana məhz bu qatarlarda gətirilirdi. Bir necə ay yolda olan qadınlar qışın sərt soyuğundan, aclıqdan mənzilbaşına gəlib çata bilmirdilər. Qadınları qatarla Akmola stansiyasına, (indiki Astana stansiyası) oradan isə düşərgəyədək olan 30 kilometrlik yolu piyada gətirirdilər.

Muzeydə azərbaycanlı qadınlar barədə məlumatlar çox deyil.

Azərbaycan Respublikasının dövlət himninin müəllifi, görkəmli şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım da daxil olmaqla, 44 azərbaycanlı qadın bu düşərgədə sürgün həyatı yaşayıb. Təəssüf ki, muzeydə azərbaycanlı qadınlar haqqında məlumat kasaddır: 44 nəfərin ad-soyadından və ünvanlarından başqa heç bir informasiya yoxdur. Muzeyin “Sürgün qadınlar” kitabına göz gəzdirdiyimiz zaman azərbaycanlıların adları olan bölmədə “Acar knyazı”nın qızı olan Şükriyyə xanım milliyyətcə da acar kimi göstərilib. Burada Sənubər Eyyubova adlı azərbaycanlı qadının sürgün dövrünü əks etdirən fotoşəkli sərgilənir.

ALJİR muzeyində, həmçinin o dövrü əks etdirən əyani vasitələr qorunub saxlanılır. Qadınların fəsillərə uyğun həyat və əmək şəraitini, sürgün dövründə istifadə olunan əşyalar, düşərgədə işlədilən əmək alətləri, tikiş maşını, istintaq otaqları, istintaqçıların maketləri acı günləri əks etdirir.

Qadınlar düşərgənin ərazisində qamışdan düzəldilmiş daxmalarda yaşayırdılar. Bu daxmalar 200-300 adam üçün nəzərdə tutulmuşdu. Maraqlıdır ki, bura sürgün edilənlərin 90 faizi fiziki əməklə məşğul olmayan, ali təhsilli, o dövrün elitası sayılan qadınlar idi. Onlar Qazaxıstanın sərt qışında yeni peşələrə yiyələnmək məcburiyyətində qalırdılar. Qadınların düşərgəyə gətirilməsi hər gün böyük miqyas aldığından, onlar özlərinə daxmalar tikirdilər. Bunun üçün bataqlıqdakı qamışdan istifadə olunurdu.

İlk illər düşərgədə çox sərt və ciddi rejim tətbiq olunurdu. Çünki o zamanlar bu qadınlar cəmiyyət üçün təhlükəli sayılırdılar və onlara məktublaşmağı belə qadağan etmişdilər. 1940-cı ildə düşərgə ümumi rejimə keçirildikdən sonra qadınlar ildə iki dəfə məktub vasitəsilə yaxınlarından xəbər tuta bilirdilər. Sürgün edilənlər arasında hamilə və körpə uşaqlı qadınlar çox idi. Üç yaşına qədər uşaqlar anaları ilə birgə daxmalarda yaşayırdılar, sonra NKVD nümayəndələri onları analarının əlindən alıb uşaq evlərinə göndərirdilər. Bir ailədən olan 3 yaşından yuxarı uşaqları ayrı-ayrı uşaq evlərinə, şəhərlərə yollayırdılar, hətta, ad və soyadlarını dəyişirdilər. Bir çox dustaq qadınlar bəraət aldıqdan sonra Qazaxıstanda qalıblar.

Əslində, heç bir abidə, heç bir muzey 37-ci il repressiya və sürgün həyatını, minlərlə ailənin gözüyaşlı qalan günahsız uşaqlarının, həyat yoldaşlarına görə inanılmaz təzyiq və işgəncələrə məruz qalan anaların acılarını tam əks etdirə bilmir. Amma heç olmasa, bizi o dövrlərə qaytarır, tarixdən dərs almağa sövq edir. Qazaxıstandakı məşhur ALJİR muzeyi də bu baxımdan əvəzsiz sayıla bilər.

1937-ci ildən başlayaraq, yanvardan fevrala qədər buraya 1600 qadın, daha sonra isə Moskva və Leninqrad şəhərlərindən, Ukrayna, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya respublikalarından 20 min qadın gətirilib. Onlar burada müəyyən qədər saxlanıldıqdan sonra Karlaq (Karaqanda düşərgəsi), Siblaq (Sibir düşərgəsi), Temlaq (Temrtau düşərgəsi) ərazilərinə paylaşdırılırdılar.

Burada minlərlə digər qadınlar kimi, azərbaycanlı xanımlar da əqidə və amalları uğrunda çarpışdılar, min cür əzab-əziyyətə, işgəncəyə baxmayaraq sınmadılar, özlərinin və mənsub olduqları xalqın şərəfini ləyaqətlə qorudular. Odur ki, tarix onları heç vaxt unutmayacaq.

Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı Azərbaycan diasporunun köməyi ilə muzeyin ərazisində xatirə lövhəsi quraşdırıb.

https://azertag.az/xeber/ALJIR__Akmola_siyasi_repressiya_qurbanlari_dusergesinde_44_azerbaycanli_qadin_surgun_heyati_yasayib_VIDEO-1106383

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1