2017-10-30
Fransada Azərbaycan icmasının üzvləri ilə görüş olub

Azərbaycanın Fransadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan icmasının üzvləri ilə görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən görüşdə səfir Rəhman Mustafayev Fransada yaşayan azərbaycanlıların sıx birləşməsinin vacibliyinə toxunub. Bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlətin prioritetlərindən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsidir.

Səfir qeyd edib ki, dövlətimizin məqsədi xaricdəki soydaşlarımızın tarixi Vətənlə əlaqələrini, onların milli özünəməxsusluğunu qoruyub saxlamaq, icma üzvlərinin potensialından milli maraqlarımızın daha etibarlı müdafiəsi üçün bəhrələnmək, soydaşlarımız arasında əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Prezident İlham Əliyevin xarici ölkələrdəki Azərbaycan icmalarına xüsusi diqqət ayırdığını vurğulayan səfir bildirib ki, Fransada yaşayan soydaşlarımız təşkilatlanmalı, Azərbaycan həqiqətləri bu ölkədə təbliğ olunmalı, xüsusilə erməni diasporunun yalanlarına qarşı planlı fəaliyyət qurulmalıdır. Azərbaycanın haqq səsi Fransa ictimaiyyətinə çatdırılmalıdır.

“Parisdəki səfirliyimiz Azərbaycan torpağıdır. Səfirliyin qapıları hər bir azərbaycanlıya açıqdır”, - deyən R.Mustafayev icma nümayəndələrinin hər birinin bu ölkədəki böyük Azərbaycan ailəsinin üzvü olduğunu vurğulayıb.

Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ problemindən söz açan səfir ölkəmizin reallıqlarının Fransa ictimaiyyətinə çatdırılmasının, milli maraqlarımızın, mədəniyyətimizin təşviq edilməsinin əhəmiyyətinə toxunub. Vurğulayıb ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının, mətbuatda gedən dezinformasiyaların qarşısı alınmalı və onlara vaxtında tutarlı cavab verilməlidir.

Görüşdə səfirliyin icma üzvləri ilə birgə fəaliyyət konsepsiyasının hazırlanması qərara alınıb. Səfir hər bir icma üzvünü fəal olmağa çağırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlandığı bildirilib. Yubileyin qeyd edilməsi ilə bağlı fikirlər irəli sürülüb.

Sonda icma üzvləri gələcək fəaliyyət planlarına dair müzakirələr aparıblar.

https://azertag.az/xeber/Fransada_Azerbaycan_icmasinin_uzvleri_ile_gorus_olub-1107093

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1