2017-11-02
“Jewish Journal” qəzeti: “Azərbaycan Hitlerin məğlub olunmasına necə kömək etdi”

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Azərbaycan Hitlerin məğlub olunmasına necə kömək etdi” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, həmin materialda nasist Almaniyası üzərində qələbəyə Azərbaycanın töhfəsindən bəhs edilir.

Müəllif yazır ki, süvari ordunun üstünlük təşkil etdiyi əvvəlki müharibələrdən fərqli olaraq, İkinci Dünya Müharibəsi dövründə mexanikləşdirilmiş ordu xüsusi rol oynayıb. Yevdayev vurğulayır ki, müharibənin bu yeni növündə Vermaxtın öz tanklarının və təyyarələrinin hərəkətini təmin edə bilməsi üçün ona neft lazım idi. Lakin Almaniyanın öz neft yataqları yox idi, buna görə Adolf Hitler Azərbaycanın neft yataqlarını ələ keçirməyi qərara almışdı. Bu, ilk növbədə Vermaxtı lazımi miqdarda neftlə təmin etməli idi. Bundan əlavə, Azərbaycan neft yataqlarının ələ keçirilməsi Sovet ordusunun bütün cəbhə boyu irəliləmək imkanının qarşısını alardı.

1942-1943-cü illərdə Şimali Qafqazdan Azərbaycana tərəf yollanan alman hərbi maşını Stalinqradda dayandırıldı və bu, nasistlərin Bakıya gedən yolda fəlakətli məğlubiyyətini təmin etdi.

Müəllif yazır ki, İkinci Dünya Müharibəsi dövründə cəbhə xəttində 700.000 Azərbaycan əsgəri, o cümlədən 100.000 Azərbaycan qadını vuruşurdu. Müharibə sona çatana qədər 400.000 azərbaycanlı həlak olub. Ön cəbhə xəttində nasistlərlə döyüşlərdə minlərlə Azərbaycan yəhudisi canından keçib. Faşizmə qarşı müharibədə Azərbaycanın əsas töhfələrindən biri də bu olub ki, respublikamız Sovet ordusuna hər il 23,5 milyon ton neft göndərib. 1941-1945-ci illərdə Sovet İttifaqının neft mədənlərində işləyənlərin 70 faizdən çoxu Bakı neftçiləri idi, Sovet İttifaqında istehsal edilən yanacağın ümumi həcminin 80 faizdən çoxu Bakı neftinin payına düşürdü.

Azərbaycanın dağ yəhudiləri bir fakta görə də fəxr edirlər ki, o çətin illərdə Azərbaycan neft sənayesində mühüm simalardan biri Azərbaycan Yəhudi İcmasının üzvü Yakov Mixayloviç Aqarunov olub.

Yevdayev öz məqaləsində oxuculara Heydər Əliyev Fondunun dəstəyi ilə, Fondu vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə çəkilmiş və 2015-ci ilin may ayında “National Geographic” kanalında nümayiş etdirilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmə baxmağı tövsiyə edir.

Müəllif yazır ki, müstəqil Azərbaycan 1994-cü ildə daha bir uğur qazandı: Azərbaycan Hökuməti Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neft yataqlarının birgə işlənməsi və hasilatına dair qərbin neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Bu kontraktın icrası nəticəsində alınan gəlirlərdən ölçülüb-biçilmiş şəkildə istifadə edilməsi sayəsində Azərbaycan Cənubi Qafqazın ən iri iqtisadiyyata malik olan və ən çox inkişaf etmiş ölkəsinə çevrilib. Məqalənin sonunda qeyd edilir ki, 2017-ci il sentyabrın 14-də həmin müqavilə yenilənib və yeni variant 2049-cu ilin sonuna qədər qüvvədə olacaq.

https://azertag.az/xeber/Jewish_Journal_qezeti_Azerbaycan_Hitlerin_meglub_olunmasina_nece_komek_etdi-1108190

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1