2017-11-02
Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatı yeni perspektivlər açır

Noyabrın 1–də Tehranda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli Zirvə görüşü Rusiya mətbuatının və ekspertlərinin diqqət mərkəzindədir. Yerli ekspertlərin fikrincə, Tehran danışıqları uğurla başa çatıb.

Zirvə görüşündə aktual beynəlxalq problemlər, terrorizm və ekstremizmlə mübarizə, energetika və iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Əsas mövzulardan biri “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi olub. Bu layihənin ideyası hələ 1980-ci illərdə meydana gəlmişdi. Lakin bir sıra siyasi-iqtisadi məsələlərlə əlaqədar layihənin reallaşdırılması təxirə salınmışdı. “Şimal-Cənub” dəhlizi Hindistanın Mumbay limanından Sankt-Peterburqa, daha sonra isə Azərbaycan və İran ərazisindən keçməklə Avropayadək uzanacaq. Hindistandan Sankt-Peterburqadək test rejimində malların daşınması artıq həyata keçirilib və məlum olub ki, bu yol Süveyş kanalından keçən dəniz yolu ilə müqayisədə malların Avropaya ixracı məsafəsini iki dəfə azaldır. Layihənin reallaşması hər üç dövlət üçün əlverişlidir. Gələcəkdə bu layihəyə İndoneziya, Malayziya və Cənub-Şərqi Asiyanın digər ölkələrinin qoşulacağı da gözlənilir. Rəşt-Astara dəmir yolunun inşası başa çatdıqdan sonra iqtisadi dəhlizin tam miqyasda istismarına başlanılacaq. Prezident İlham Əliyev görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib ki, ötən dövrdə Azərbaycan öz dəmir yolu infrastrukturunu təkmilləşdirib və İran sərhədinə qədər qalan hissəni inşa edib, Astaraçay üzərində körpü də tikilib və birinci qatar Azərbaycan-İran sərhədini bu ilin mart ayında keçib. Azərbaycan dövlətinin başçısı deyib: “Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Eyni zamanda, mən bunu da Zirvə görüşü zamanı söylədim, mətbuat da bunu bilsin, İran ilə Azərbaycan arasında Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı razılaşmalar əldə edilib, sənəd paraflanıb və indi daxili prosedurlar təşkil ediləndən, o prosedurlardan keçəndən sonra bu məsələ də öz həllini tapacaqdır”. Azərbaycan Prezidenti gələn il Bakı-İran sərhədində müasir magistral avtomobil yolunun istismara veriləcəyini, Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşasının da gələn il başa çatdırılacağını bildirib.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq geniş müzakirə olunub. Rusiya Prezidenti hər üç ölkənin dünyada karbohidrogen hasilatı sahəsində aparıcı rolunu vurğulayaraq deyib ki, Rusiya, Azərbaycan və İran bu sahədə rəqabət aparmamalı, yalnız fəaliyyətlərini əlaqələndirməlidir.

Rusiya İranla neft-qaz sahəsində əməkdaşlığa böyük ümidlər bəsləyir. Ekspertlərin nəticələrinə görə, “Rosneft” şirkəti İranın neft-qaz yataqlarına böyük sərmayələr qoymağı planlaşdırır. Gələcəkdə həmin yataqlardan ildə 55 milyon barrel neft hasil olunacağı gözlənilir. Şirkət, həmçinin İrandan Hindistana çəkiləcək qaz kəmərinin inşasında iştirakı nəzərdə tutub. Rusiya-İran-Türkiyə konsorsiumu 4 neft və bir qaz yatağına 7 milyard dollar sərmayə yatıracağını elan edib.

Tərəflər üç ölkənin elektroenergetika sistemlərini birləşdirəcək şəbəkənin yaradılmasını da vacib hesab ediblər. Azərbaycan Prezidenti İran və Rusiya ilə elektrik xətlərinin birləşdirilməsini regional əməkdaşlıq üçün çox gözəl zəmin adlandırıb.

Xəzərin statusu ilə bağlı son illər həm xarici işlər nazirləri, həm də dövlət başçıları səviyyəsində aparılan danışıqlar müsbət məcraya yönəlir. Azərbaycan və Rusiya XİN-ləri Xəzərin hüquqi statusuna dair Konvensiyanın demək olar ki, hazır olduğunu artıq təsdiqləyiblər. Tehran danışıqlarında da bu məsələyə xüsusi diqqət ayrılıb, gəmiçiliyin inkişafı, dəniz turizmi, bioehtiyatların qorunub saxlanması, ekologiya məsələləri müzakirə olunub. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizənin yaxşı nəticələr verdiyini deyən Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Rusiya və İran Suriya problemini də müzakirə ediblər. Rusiya, İran və Türkiyənin münaqişənin nizama salınmasında, terrorizmlə mübarizədə rolu qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli görüş zamanı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə xüsusilə diqqəti cəlb edib. Belə ki, bu problemin həlli Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi üçün olduqca vacibdir. Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Lakin təəssüf ki, bir çox hallarda bu kobudcasına pozulur. Dövlət başçısı Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyini vurğulayaraq, Ermənistanın işğalçılıq siyasətinə və ikili standartlara tezliklə son qoyulmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini diqqətə çatdırıb.

Tehran danışıqlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi bilavasitə müzakirə olunmasa da həm Rusiya, həm də İranın regionda nüfuzlu oyunçu olması, Azərbaycanın bu ölkələrlə əlaqələrinin güclənməsi problemin həllində müəyyən dönüş yaranacağına ümid bəsləməyə imkan verir. Bu arada, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov yaxın günlərdə Türkiyə və Rusiya prezidentlərinin görüşəcəyini təsdiq edib. Türkiyə mətbuatı isə Prezident Rəcəb Tayyib Ərdoğanın həmin görüşdə Dağlıq Qarabağ problemini qaldıracağını bildirir.

Zirvə görüşünün iştirakçıları ticarət əlaqələrinin genişləndirilməsini də vacib sayıblar. Azərbaycan Prezidenti ölkəmizin Rusiya və İran ilə ticarət dövriyyəsinin 2017-ci ildə əhəmiyyətli dərəcədə yüksəldiyini, İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcminin artdığını bildirib. İran və Rusiya şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoyublar. Vladimir Putin bildirib ki, üçtərəfli formatda ixrac-idxalı stimullaşdırmaq üçün gömrük prosedurlarını asanlaşdırmaq lazımdır. Rusiya Prezidenti, həmçinin qarşılıqlı surətdə hesablamalarda milli valyutalardan istifadə olunması təklifini irəli sürüb. Yeri gəlmişkən, İran Prezidenti də bu təkliflə çıxış edib.

Görüşdə kənd təsərrüfatı, yüksək texnologiyalar, təbabət, dərman istehsalı, xüsusi xidmət və hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və digər məsələlər də müzakirə olunub.

https://azertag.az/xeber/Azerbaycan_Rusiya_Iran_emekdasliq_formati_yeni_perspektivler_achir-1108481

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1