2017-11-03
Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT-in potensialından istifadə etmək lazımdır

Ukrayna, Dnestryanı bölgə və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) potensialından istifadə etmək lazımdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu sözləri cümə günü, noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdə söyləyib.

Tomas Qremingerin yeni vəzifəsində yeni planları barədə söhbət açan RF XİN rəhbəri qeyd edib ki, Moskva bütün məsələlər barəsində hər hansı ilkin şərt qoyulmadan açıq və bərabərhüquqlu dialoq mövqeyini dəstəkləyir.

Rusiyalı nazir deyib: “Məsələyə bu cür yanaşma hamı üçün ümumi problemlərin tənzimlənməsinə dair kollektiv qərarlar qəbul edilməsində ATƏT-in ciddi potensialından tam istifadə etməyə imkan verərdi. Bu potensialdan ilk növbədə Ukraynada və Dnestryanı bölgədə mövcud münaqişələrin tənzimlənməsinə kömək üçün, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin həlli üçün istifadə edilməlidir”.

S.Lavrov daha sonra deyib: “Biz Cənubi Qafqazda sabitlik yaradılması barədə Cenevrə diskussiyalarında ATƏT-in həmsədr olmasını yüksək qiymətləndirir və Balkanlarda işin təşkilinə diqqətin azaldılmamasını vacib hesab edirik. Bütövlükdə ATƏT-də fəaliyyətinin bütün istiqamətlərində dəyişikliklərin zəruri olduğu şəraitdə sizin bu məsələyə tarazlaşdırılmış yanaşmanıza çox ehtiyac var. Biz buna hər vasitə ilə şərait yaradacağıq”.

https://azertag.az/xeber/Sergey_Lavrov_Dagliq_Qarabag_munaqisesinin_tenzimlenmesi_uchun_ATAT_in_potensialindan_istifade_etmek_lazimdir-1108676

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1