2017-11-09
Cenevrədə keçirilən “Sülh həftəsi”ndə Qarabağ məsələsi gündəmə gətirilib

BMT-nin Cenevrə ofisində “Sülh həftəsi” çərçivəsində maraqlı tərəflərin sülh müzakirələri keçirilir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin aradan qaldırılmasında sülh təşəbbüslərinin dəstəklənməsinə həsr olunub.

Gündəlikdə qoyulan əsas məsələlər “Sülhə gedən yolun gələcək perspektivləri”, “ Münaqişələrin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu: çətinliklər, imkanlar və reallıqlar”, “ Münaqişələrin aradan qaldırılmasında bacarıqların artırılması”, “Din - münaqişəyə aparan, yoxsa münaqişənin qarşısını alan vasitə kimi”, “Münaqişələrin həllində gənclərin yerli bacarıqlarının artırılması” və.s mövzuları əhatə edib. Tədbir İsveçrə Sülh Platforması, İsveçrə Xarici İşlər Nazirliyi, Dünya Bankı, BMT Dayanıqlı İnkişaf Məqsədləri Fondu, UNHCR, UNDP, UNİCEF, UNESCO, BMT-nin digər agentlikləri, müxtəlif transmilli korporasiyalar və qurumların, beynəlxalq təşkilatların diqqət mərkəzində olub.

BAMF-ın prezidenti Umud Mirzəyev, vitse prezident Ramil Əzizov, BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina, BAMF-ın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Maykl Montafi, partnyor təşkilat İSEO–nun baş katibi Qustav Qrob və təşkilatın katibi Abdulrza Metğalçı BMT-nin Cenevrə ofisində “Sülh həftəsi” çərçivəsində keçirilən müzakirələrə qatılıblar.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə keçirilən “Münaqişələrin qarşısının alınmasında mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi” mövzusunda tədbirdə çıxış edən Maykl Montafi Azərbaycanın multikultural dəyərlərindən, dinc birgə yaşama kimi qədim ənənələrindən danışıb.

O, Tbilisidə keçirilən Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının perspektivlərinə inandığını bildirib. “İllər boyu bir yerdə yaşayan azərbaycanlı və erməni əhalisi arasında sülhün və barışın təşviq edilməsi üçün Sülh Platforması gözəl vasitədir” deyən Maykl Montafi beynəlxalq qurumları platformaya dəstək verməyə çağırıb.

Çıxış edən İSEO baş katibi “xalqların müxtəlif ərazilərdə yaşaması, heç bir halda ərazi bütövlüyünə təhdid olmamalıdır və separatist çağırışlar beynəlxalq hüquqa, bütün beynəlxalq norma və qaydalarına ziddir” deyib. O, münaqişələrin həllində vətəndaş cəmiyyətinin rolu, münaqişələrin həll edilməsi üçün, ilk növbədə, işğal altındakı ərazilərin azad olunmasının vacibliyindən danışıb.

“Sülh həftəsi” çərçivəsində “Sülhün təşviq edilməsində vətəndaş cəmiyyətinin rolu” mövzusunda müzakirələrə qatılan BAMF–ın prezidenti Qarabağ münaqişəsinin həllində beynəlxalq qurumların sərgilədiyi ikili standartlardan danışıb. “Qlobal münaqişələrin iki iştirakçısı vardır. Bir tərəfdə işğalçı, digər tərəfdə isə işğaldan əziyyət çəkən tərəf. Dünya birliyi münaqişə iştirakçılarını olduğu kimi qəbul etməyi bacarmalıdır. Təəssüf ki, 20 ildən çoxdur ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılsa da, qeyri obyektiv yanaşma, dünyanın güc mərkəzlərinin korporativ maraqları səbəbindən bu gün də münaqişənin həlli ilə bağlı ciddi nəticələr əldə edilməmişdir”, - deyə Umud Mirzəyev bildirib.

“Münaqişələrin həllində milli bacarıqların artırılması: Uyğun olan və olmayanlar” mövzusunda BMT İnkişaf Fondunun və bir sıra vətəndaş cəmiyyəti qurumları tərəfindən təşkil edilən toplantıda çıxış edən BAMF-ın vitse prezidenti münaqişələrin həllində qeyri obyektiv informasiyanın rolu mövzusunda çıxış edib.

O, BMT qurumlarını vətəndaş cəmiyyəti sülh platformalarına dəstək olmağa çağırıb.

“Sülh həftəsi” çərçivəsində İsveçrə Sülh Platforması qurumunun rəhbəri professor Laurent Goetşel, Berghof Fondunun direktoru Oliver Vils, Cenevrə Sülh quruculuğu Platformasının icraçı koordinatoru Açim Venman, Sülh quruculuğu şəbəkəsinin icra orqanının üzvü Cenni Aulin və digər vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşən Umud Mirzəyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlərə dair müzakirələr aparıb, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının əhəmiyyətindən söz açıb.

Müzakirələr zamanı vətəndaş cəmiyyəti qurumları platformanın fəaliyyətində maraqlı olduqlarını ifadə ediblər.

Cenevrə “Sülh həftəsi” noyabrın 11-dək davam edəcək.

https://azertag.az/xeber/Cenevrede_kechirilen_Sulh_heftesinde_Qarabag_meselesi_gundeme_getirilib-1110322

növbəti xəbər əvvəlki xəbər

 
bakushop_1