2017-11-15
Beynəlxalq Sərgilər Bürosunun Parisdə keçirilən 162-ci Assambleyasında “Bakı Expo 2025”in təqdimatı olub

Noyabrın 15-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən “Bakı Expo 2025”in təqdimatı olub.

Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında əvvəlcə Qazaxıstanın nümayəndə heyətinin üzvləri “Astana Expo 2017” Sərgisi və sərgi çərçivəsində keçirilən beynəlxalq tədbirlər ilə bağlı məlumat verdilər. Qeyd edək ki, Astanada keçirilən “Expo 2017” Beynəlxalq Sərgisində Azərbaycan da “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub. Milli pavilyonumuz bu sərgidə ən çox ziyarət edilən məkanlardan olub.

Sonra “Dubay 2020” Ümumdünya Universal Sərgisi ilə bağlı hesabat təqdim edildi. Hesabatda sərgi ilə bağlı indiyədək görülən və nəzərdə tutulan layihələr, iştirakçı ölkələr barədə məlumat verildi. Azərbaycan bu beynəlxalq tədbirdə də milli pavilyonla geniş təmsil olunacaq.

Assambleyada Çin nümayəndə heyəti “Pekin 2019” Bağçaçılıq Sərgisi üzrə təqdimatla çıxış etdi, indiyədək görülən işlərdən və yaradılacaq infrastrukturdan danışdı.

Niderlandın nümayəndə heyətinin üzvləri “Almere 2022” Bağçaçılıq Sərgisi ilə bağlı görülən işlər barədə məlumat verdilər.

Daha sonra sərginin Niderlandın Almere şəhərində keçirilməsi ilə bağlı rəmzi bayraq bu ölkənin nümayəndə heyətinə təqdim olundu.

İtaliyanın nümayəndə heyətinin üzvləri isə “Milan Triennale 2019” haqqında təqdimatla çıxış etdilər.

Sonra Beynəlxalq Sərgilər Bürosunun 162-ci Assambleyasında “Expo 2025” Ümumdünya Sərgisi üçün qeydiyyata alınmış namizəd şəhərlər barədə məlumat verildi. Qeyd edək ki, Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və Fransanın Paris şəhərləri namizəd şəhərlərdir.

Yaponiya, Rusiya, Paris nümayəndə heyətlərinin üzvləri sərgiyə hazırlıqla bağlı görülən işlərdən danışdılar. Bildirdilər ki, bu cür tədbirlərin keçirilməsi xalqlar və dövlətlər arasında dialoqun genişləndirilməsində vacib rol oynayır, şəhərlərin potensialını nümayiş etdirmək üçün yaxşı imkanlar yaradır.

Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının bu sərgiyə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbula qatıldıqlarına görə nümayəndə heyətlərinin üzvlərinə minnətdarlığını bildirdi.

Diqqətə çatdırıldı ki, Bakı “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər kimi insan kapitalının inkişafı mövzusu ilə çıxış edir. Zəngin təbii ehtiyatları olan ölkəmizdə son illərdə “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində görülən işlərdən danışan Samir Şərifov bildirdi ki, Azərbaycanın əsas zənginliyi 10 milyon vətəndaşıdır. Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan Qlobal Rəqabətlilik İndeksinə görə 137 ölkə arasında 35-ci yeri tutub. Ölkəmizin daim inkişafda olduğunu vurğulayan Samir Şərifov Azərbaycanın birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula-1 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı. Samir Şərifov Azərbaycanın hazırda 50 böyük şəhərlə hava əlaqəsinin olduğunu dedi və 2025-ci ilə qədər bu rəqəmin 100-ə çatdırılacağını bildirdi.

“Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri qeyd etdi ki, ölkəmiz “Expo-2025”in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq. Bu sərgi bəşəri müxtəlifliyi təmin edəcək və bütün millətlərə iştirak etmək imkanı yaradacaq. Bu təşəbbüsün cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini deyən Samir Şərifov vurğuladı ki, 20 mindən çox könüllü “Expo 2025” sərgisində əsas gücümüz olacaq. Avropa və Asiyanın kəsişməsində yerləşən Bakı qədim sivilizasiyanın beşiyidir, dünyəvi və çoxmillətli şəhərdir.

“Bakı Expo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə bildirdi ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir. “Sərginin əsas mövzusu “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” olacaq”, - deyən Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən dövlət siyasəti sayəsində tez bir zamanda insan kapitalının təkmilləşməsi sahəsində qazanılan uğurlardan danışdı, ölkəmizdə minlərlə təhsil, idman və sağlamlıq müəssisələrinin yaradıldığını, yoxsulluq və işsizliyin 5 faizdən aşağı düşdüyünü, savadlılığın yüksək olduğunu bildirdi. O, “Bakı Expo 2025” çərçivəsində təşkil olunması nəzərdə tutulan müxtəlif proqramlar, konsertlər və digər mədəni tədbirlər müstəvisində insan kapitalı mövzusunun müzakirə olunacağını qeyd etdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov ölkəmizin “Expo” hərəkatının fəal üzvü olduğunu bildirdi, Azərbaycanın ilk dəfə “Hannover Expo 2000” sərgisində iştirak etdiyini, Milanda keçirilən “Expo 2015” sərgisində isə milli pavilyonumuzun mükafata layiq görüldüyünü və pavilyonumuzu 3 milyondan çox insanın ziyarət etdiyini və bu pavilyonun hazırda Bakıda Bulvar ərazisində qurulmaqda olduğunu diqqətə çatdırdı.

Azərbaycanın davamlı və sürətlə inkişaf etdiyini deyən Elçin Əmirbəyov Bakının hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Expo” kəndi salınacağını bildirdi. “Bakı Expo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi bildirdi ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir. Azərbaycan mədəniyyətinin digər aspektlərindən ilhamlanaraq, Bakının tarixi qala divarları daxilindəki qədim şəhəri və qədim İpək Yolu boyunca səyahət edən tacirlərə ev sahibliyi etmiş karvansaray dizaynlı pavilyonumuzu təsvir edən Elçin Əmirbəyov sərginin mədəni irsimizin bir hissəsi olan xalça naxışları ilə bəzədiləcəyini bildirdi. “Expo 2025”dən sonra isə yaradılacaq infrastruktur şəhərimizin gözəl guşələrindən biri olacaq.

Azərbaycana etimad göstərilməsinin vacibliyini vurğulayan Birinci vitse-prezidentin köməkçisi “Bakı Expo-2025” üçün nəzərdə tutulan məkanda tamaşalar, sərgilər və təqdimatlar keçirilməsi üçün geniş imkanların yaradılacağını bildirdi. Vurğuladı ki, “Expo” hərəkatının sadiq tərəfdaşı kimi Azərbaycan bu məsələyə böyük məsuliyyətlə yanaşır.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş olundu. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənir.

https://azertag.az/xeber/Beynelxalq_Sergiler_Burosunun_Parisde_kechirilen_162_ci_Assambleyasinda_Baki_Expo_2025in_teqdimati_olub-1112105

növbəti xəbər əvvəlki xəbər