2017-11-16
Elmar Məmmədyarov: “Minsk qrupunun həmsədrləri ilə danışıqlardan razı qaldım”

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv keçdi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik”.

Bu fikirləri Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşdən sonra AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, görüşdə danışıqları ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin dekabrın əvvəllərinə nəzərdə tutulmuş Vyana görüşü çərçivəsində davam etdirmək barədə qərar qəbul edilib. “Prinsip etibarı ilə ideyalar var. Həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər. Mənə həmişə sual verirlər ki, hansı plan üzrə işləyirik? Cavab verirəm ki, Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bəndən ibarət təkliflərdir. Onlar məlumdur və siz onlara baxa bilərsiniz. Biz bu gün təfərrüatlar üzərində işlədik. Budəfəki görüş göstərdi ki, biz, yəni, Azərbaycan tərəfi və həmsədrlər bir müddətdir yerində sayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətliyik”, -deyən E.Məmmədyarov bildirib.

Nazir vurğulayıb ki, danışıqların irəliləməsinə mane olan məqamlar da var: “Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə mane olan məqamlar var. Ancaq ümid həmişə var. Bu gün həmsədrlər işə olduqca ciddi yanaşdılar. Dedilər ki, biz turist deyilik. Bizə ciddi danışıqlar lazımdır, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Axı nə qədər bəhanələr gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər ki, polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuza qədər davam edəcək? Xeyr. Bu, real deyil. Alternativ hamıya məlumdur. Ancaq bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşmalar baş versin. Əlbəttə, boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, irəli getmək lazımdır”.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri həmsədrlərlə Vyanada keçiriləcək görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünün müzakirə ediləcəyini bildirərək deyib: “Bu gün həmsədrlərlə müzakirə olunmuş məsələlər Ermənistan tərəfi ilə də müzakirə edildikdən sonra prezidentlərə görüş barədə məlumat veriləcək”.

ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrini geri çağırması məsələsinə aydınlıq gətirən nazir deyib: “Həmsədrlik formatının dəyişməsinə inanmıram, çünki amerikalı həmsədr öz vəzifəsinə çox ciddi yanaşır. Bir müddət əvvəl belə söhbətlər var idi. ABŞ Dövlət Departamentində bəzi vəzifələrin ixtisara salınması barədə müzakirələr gedirdi. Ancaq bugünkü görüşə amerikalı həmsədr tək deyil, öz köməkçisi ilə gəlmişdi. Bu, onu göstərir ki, ABŞ tərəfi işə ciddi yanaşır”.

https://azertag.az/xeber/Elmar_Memmedyarov_Minsk_qrupunun_hemsedrleri_ile_danisiqlardan_razi_qaldim-1112475

növbəti xəbər əvvəlki xəbər