2017-11-20

Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilir YENİLƏNİB 5 VİDEO

Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilir.

AZƏRTAC xəbər verir ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Forumun “Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan ilk panelində toplantı haqqında məlumat verən moderator, Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin O’DONEL tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu vurğulayaraq bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini qeyd edib. F.O’donel Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdıraraq, ölkəmizin bu mövzu ilə bağlı mövqeyini ifadə etmək üçün sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verib.

Azərbaycan Prezidentinin köməkçisi Əli HƏSƏNOV Forumda çıxış edib.

Forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulayan Əli Həsənov deyib ki, tədbirdə beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur.

Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi bildirib ki, hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşayiət olunur.

“Etnik münaqişələrin yayılma coğrafiyası demək olar ki, dünyanın əksər bölgələrini əhatə edir. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir”, - deyə Əli Həsənov əlavə edib.

Soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini deyən Prezidentin köməkçisi deyib ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrildi. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarır. Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda, etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər.

Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törətdiyinin təəssüf doğurduğunu deyən Əli Həsənov bildirib ki, bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalıdır.

“Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Qeyd edək ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuşdur. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir”, - deyə Əli Həsənov vurğulayıb.

Prezidentin köməkçisi deyib ki, Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir.

Millətçilik və etnomədəni terrorizmlə bağlı məsələlər dini inancların, milli mədəniyyətlərin yanaşı yaşaması və etnik müxtəlifliyin təmin olunmasının perspektivləri haqqında daha ətraflı fikirləşməyi tələb edir. Təəssüf ki, bu məsələyə münasibətdə bəzən xoşagəlməz yanaşmalar da özünü göstərir. Hesab olunur ki, guya mədəniyyətlərarası dialoq və yaxud etnik müxtəliflik milli kimliyə xələl gətirən dağıdıcı proseslərə səbəb ola bilər, etnik qruplar və miqrantlar isə məskunlaşdıqları ölkələrdə ictimai-siyasi və kulturoloji xarakterli problemlər yaradar. Təbii ki, bu cür mövqe ilə razılaşmaq mümkün deyil. Çünki bəşəriyyətin mütərəqqi inkişafını sivilizasiyalararası dialoqsuz və etnik müxtəliflik olmadan təsəvvür etmək çox çətindir. Ona görə də həm sivil dünyada, həm də onun bir parçası olan Azərbaycanda bu gün mədəniyyətlərarası dialoq və etnik müxtəliflik cəmiyyətin sabit və dayanıqlı inkişafını təmin edən mühüm şərtlərdən biri kimi qiymətləndirilir.

Çıxışına davam edən Əli Həsənov vurğulayıb ki, mənim ölkəm 1993-cü ildən etibarən Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan edib və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilib. Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycan ilə Avropa İttifaqının geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olub. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Avropa İttifaqı tərəfindən dəstəklənır.

2007-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış tərəfdaşlıq müqaviləsi “Cənub Qaz Dəhlizi” layihəsinin icrası istiqamətində mühüm addımlardan biri olub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) kimi layihələr Avropa İttifaqının lazımi dəstəyini qazanıb və Avropa Komissiyasının ortaq maraqlara xidmət edən prioritet enerji təhlükəsizliyi layihələri sırasına daxil edilib. Xəzər hövzəsi və Orta Şərqin zəngin enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Azərbaycanın gördüyü işlər Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının istiqamətləri barədə fikirlərini davam etdirən Prezidentin köməkçisi deyib: “Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesi davam edir. Əminik ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır. Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Avropa İttifaqının müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Hesab edirik ki, Avropa İttifaqının işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər.

Forumun işinə uğurlar arzulayan Əli Həsənov çıxışını aşağıdakı fikirlərlə başa çatdırıb: “Çıxışımın sonunda bildirmək istərdim ki, milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil dinc yanaşı şəraitdə yaşamaları üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etmək zəruridir. Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.

Tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunub.

Ukraynanın sabiq Prezidenti Viktor YUŞENKO forumdakı çıxışında dünyada baş verən dini-etnik münaqişələrdən bəhs edərək onlardan çıxış yolları barədə danışıb. Sabiq Prezident bildirib ki, dünya üzrə balanslaşdırılmış təhlükəsizlik siyasətinə diqqət yetirilmədiyi üçün münaqişələr baş alıb gedir. Dini-etnik münaqişələr bir çox hallarda xarici qüvvələr tərəfindən ixrac edilir.

Viktor Yuşenko xalqların müqəddəratını təyinetmə hüququna və separatizm məsələsinə toxunaraq qeyd edib ki, bu gün xüsusilə də Şərqi Avropada baş verən münaqişələr həll olunmamış qalır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sabiq Prezident separatizmə səbəb olan təcavüzkarlara qarşı qəti addımların atılmasının zəruriliyini bildirib. O qeyd edib ki, öz müqəddəratını təyinetmə hüququ separatizmlə nəticələnməməli, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bu gün Avropada mövcud olan 7 münaqişədən 6-sının Qərbi Avropada baş qaldırdığını vurğulayan Viktor Yuşenko bildirib ki, biz təhlükəsizliklə əlaqədar suallara cavab verə bilmiriksə, heç bir suala cavab verə bilməyəcəyik.

Bosniya və Herseqovinanın keçmiş Baş naziri Hasan MURATOVİÇ separatizmin dünya ölkələrinə vurduğu ziyan barədə danışıb. O bildirib ki, separatizm təkcə baş verdiyi ərazilərdə deyil, eyni zamanda, oraya gələn insanların həyatında da öz dərin izlərini qoyur. Problem qlobal miqyasda həllini tapmadıqca bundan milyonlarla insan əziyyət çəkəcək və tarix bu itkili səhifələrlə zəngin olacaq.

İsrailin sabiq Prezidenti Dalia İTZİK Forumun təşkilatçılarına təşəkkürünü bildirib. Sabiq Prezident vurğulayıb ki, separatizm dünyada çox böyük problemlər ortaya çıxarmaqdadır. O, separatizmin qarşısını almaq üçün effektiv həll yollarının tapılmasının vacib olduğunu diqqətə çatdırıb.

Moldovanın sabiq Baş naziri Dumitru BRAGHİS isə çıxışında ölkəsinin təcrübəsi barədə məlumat verib. Dövlətlərin ərazi bütövlüyünün bölünməzliyi prinsipinin vacib olduğunu vurğulayan sabiq Baş nazir qeyd edib ki, Moldova da bir çox Şərqi Avropa ölkələrinin keçdiyi çətin tarixi mərhələlərdən keçməli olub.

ATƏT-in İnsan Hüquqları və Demokratiya Komitəsinin sabiq sədri Cesus Lopez-MEDEL separatizmin doğurduğu problemlər haqqında fikirlərini Forum iştirakçılarının diqqətinə çatdırıb. O, dünyada baş verən mürəkkəb siyasi proseslər haqqında danışıb, Kataloniya bölgəsi ilə bağlı yaranmış problemlərin həll ediləcəyinə inandığını vurğulayıb.

İsrail Knessetinin üzvü Robert İLATOV Avropada separatizmin genişlənməsi məsələsinə toxunaraq, ikili standartların bu problemin həllinə maneə yaradan əsas amillərdən biri olduğunu söyləyib. O, bir çox mürəkkəb problemlərin normal danışıqlar və sülh yolu ilə həll edilməsinin mümkün olduğunu bildirib.

Forumda çıxış edən siyasi şərhçi Azər HƏSRƏT diqqət çəkmək istədiyi əsas məsələnin erməni separatizmi olduğunu vurğulayaraq deyib: “Bu, sadəcə olaraq, ermənilərlə azərbaycanlıların, Ermənistanla Azərbaycanın arasındakı problem deyil. Erməni separatizmi bütövlükdə region üçün problemdir. Çünki ermənilər sadəcə Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsü ilə çıxış edir, torpaq iddiası aparır. Biz unutmamalıyıq ki, Abxaziya münaqişəsində Gürcüstana qarşı vuruşanların böyük bir qismi də ermənilər idi. Erməni separatizmi bütövlükdə bizim region üçün ciddi təhlükə təşkil edir”.

Qısa fasilədən sonra Forumun “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusunda ikinci panel iclası başlayıb.

“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti, siyasi şərhçi İosif ŞAQALIN moderatorluğu ilə keçirilən ikinci panel iclasda Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İSGƏNDƏROV çıxış edib.

Sonra Ukraynanın siyasi xadimi, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim KURYAÇİY, Lüksemburq parlamentinin sabiq deputatı, Lüksemburqun Hüquqşünaslar Mərkəzinin rəhbəri Jak Ayves HENKS, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto HAUZER, Rumıniyanın Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian ÇİFU, İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Sneh EFRAİM, Yunanıstan parlamentinin sabiq deputatı, keçmiş daxili işlər naziri və turizm naziri Yoannis KEFALOGİANNİS, Bolqarıstan parlamentinin sabiq üzvü Stanislav ANASTASOV, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi Akkan SUVER panel iclasında çıxış ediblər. Natiqlər separatizm problemlərinin ölkələr və xalqlar arasında münaqişəni necə gücləndirdiyi barədə fikirlərini söyləyib, problemlərdən çıxış yolları haqqında tezislərini səsləndiriblər.

Forum çərçivəsində erməni separatizmindən bəhs edən videofilm təqdim olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye QUT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqedən danışaraq deyib: “Mən düşünürəm ki, bu, çox gözəl platformadır. Həm ekspertlərin burada separatizmlə bağlı çıxışları olacaq, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, bu problemlə əlaqədar danışıqlar prosesi müzakirə olunacaq. Onu da deyim ki, bu tədbir həm Azərbaycan, həm də dünya üçün çox önəmlidir”.

Ukraynalı deputat Oleq MEDUNİTSİYA separatizmi bir çox hallarda “feyk təzahür” kimi qiymətləndirib. O deyib ki, öz imperiya statusunu saxlamaq istəyən ölkələr bundan istifadə edirlər. Onlar daim öz qonşuları arasında separatizmi qızışdırırlar. Əgər biz xəritəyə diqqət etsək, oradakı qanlı, separatist münaqişələrin daha çox keçmiş sovet ölkələri ərazilərində olduğunu görə bilərik.

Briqada generalı Sneh EFRAİM isə çıxışında Ermənistanın əleyhinə sərt danışıb. O, separatizmin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib. İkili standartlardan danışan S.Efraim Dağlıq Qarabağ münaqişəsi barədə deyib: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar.

“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”, - deyən general vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

Növbəti fasilədən sonra Akkan SUVERİN moderatorluğu ilə “Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili” mövzusunda üçüncü panel iclası keçirilib.

Bu paneldə İraq parlamentinin deputatı, İraq Türkmən Cəbhəsinin sədri Arşed Raşad FATALLAH, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil QASIMOV, İraq parlamentinin deputatı Niyazi Mohammed MAHDİ, Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, gənclər və idman komitəsinin üzvü Rovşən RZAYEV, Alman-Azərbaycan Forumunun həmsədri Helga DAUB, Moldova Respublikasının sabiq ombudsmanı, deputat Aureliya QRİQORİU, jurnalist, siyasətçi, televiziya aparıcısı Maksim ŞEVÇENKO, Suxumi Dövlət Universitetinin professoru, tarixçi alim, Cənubi Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixi ilə bağlı obyektiv elmi araşdırmaların, çoxsaylı tədqiqat əsərlərinin müəllifi Quram MARXULİYA, politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr KARAVAYEV, Kişineu Effektiv Siyasət İnstitutunun direktor müavini, ava.md informasiya portalının siyasi analitiki, “Memorial” Assosiasiyasının sabiq baş mütəxəssisi Ruslan ŞEVÇENKO, Bohum Universitetinin professoru Hans-Yoaxim Heintze, tarixçi, tərcüməçi, qafqazşünas, pedaqoq, publisist və ixtiraçı Oleq KUZNETSOV və tarixçi, Xocalı soyqırımı haqqında kitab və çoxsaylı məqalələrin müəllifi Yohannes RAU çıxış edərək mövzu ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.

Forumun gedişində erməni separatizminin fəsadlarından bəhs edən kitablar da təqdim olunub.

Panel iclaslarından sonra “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun bəyanatı qəbul edilib. Bəyanatda deyilir ki, mədəniyyətlərarası dialoqun son dərəcə mühüm aktuallıq kəsb etdiyi müasir dövrdə “millətlərin öz müqəddəratını təyinetmə hüququ”nu əsas istinad mənbəyi kimi qəbul edərək baş qaldıran separatçı hərəkatlar nəinki əhatə etdiyi regionlarda, eyni zamanda, bütün dünyada dövlətlərin ərazi bütövlüyünü şübhə altına alır, xalqların birgəyaşayışına inamı sarsıdır, sülhü, sabitliyi, təhlükəsizliyi ciddi şəkildə təhdid edən qlobal problemə çevrilir.

Beynəlxalq Forumun bu bəyanata imza atan iştirakçıları separatçı hərəkatların doğurduğu münaqişə ocaqlarının dünyada sülhə, təhlükəsizliyə, sabitliyə, bəşəriyyətin gələcəyinə ciddi təhdid yaratdığını və bu təhdidlərin qarşısının alınması istiqamətində yeni mexanizmlərin müəyyənləşdirilməsinin vacibliyini təsdiqləyiblər.

Sənəddə göstərilir ki, Forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri, o cümlədən sabiq dövlət və hökumət başçıları, parlament üzvləri, ekspertlər, siyasi və ictimai xadimlərin iştirakı ilə aparılmış müzakirələr, irəli sürülmüş ideya və təkliflər əsasında qlobal sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyiblər.

Bəyanatda vurğulanır ki, hərəkatın yaradılması təşəbbüsü dünyanın müxtəlif regionlarında separatçılıq hərəkatları nəticəsində meydana çıxan, yüz minlərlə insanın qətlinə, qaçqın və köçkünə çevrilməsinə səbəb olan münaqişələrin qlobal sülhə təhdid olduğunu, bəşəriyyətin gələcəyi üçün ciddi təhlükəyə çevrildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq ideyasına əsaslanır.

“Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatı bütün dövlətlərin, xalqların, millətlərin, etnik, yaxud dini azlıqların hüquqlarına hörmətlə yanaşacaq, qəti şəkildə heç bir dövlətin, xalqın, millətin, dini, etnik, yaxud digər azlıqların əleyhinə fəaliyyət göstərməyəcək, mədəniyyətlərarası dialoq, millətlərin birgəyaşayışı, sülh, sabitlik və təhlükəsizlik kimi ümumbəşəri ideyaların təbliğinə xidmət edəcək.

Forum çərçivəsində, həmçinin “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının təsis konfransının 2018-ci ilin birinci yarısında hərəkatın yaradılması ideyasını dəstəkləyən ölkələrdən birində keçirilməsi məqsədəuyğun hesab edilib.

Bəyanatın sonunda isə dünya liderlərinə, beynəlxalq ictimaiyyətə, siyasi partiyalara, ekspertlərə, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət edilərək məramı yalnız sülhə, birgəyaşayışa, milllətlərarası etimada, mədəniyyətlərarası dialoqa töhfə vermək olan “Anti-Separatizm Hərəkatı”nı dəstəkləməyə çağırış ifadə olunub.

https://azertag.az/xeber/Brusselde_Separatizm_beynelxalq_sulhe_ve_tehlukesizliye_tehdiddir_movzusunda_Beynelxalq_Forum_kechirilir_YENILANIB_2-1113392

növbəti xəbər əvvəlki xəbər