2017-11-20
Sergey Lavrov “ADA” Universitetinin tələbələri qarşısında çıxış edib YENİLƏNİB

Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun “ADA” Universitetində tələbələrlə görüşü olub.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru Hafiz Paşayev Rusiya xarici siyasət idarəsi rəhbərinin bu ali təhsil ocağında ikinci dəfədir tələbələrlə görüşdüyünü deyib. O bildirib ki, “ADA” Universiteti Rusiya universitetləri ilə sıx əməkdaşlıq edir, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Universiteti və digər ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsi aparır. Hafiz Paşayev Azərbaycan və Rusiya ali təhsil müəssisələri arasında ilk forumun məhz Bakıda keçirildiyini xatırladaraq “ADA” Universitetinin Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin inkişafına öz töhfəsini verdiyini söyləyib.

Sergey Lavrov çıxışının əvvəlində təhsil sahəsində əlaqələrə toxunub, “ADA” Universitetinin 11 il ərzində tam formatlı bir təhsil müəssisəsinə çevrildiyini, qısa müddətdə böyük nəticələrə nail olduğunu deyib. O, burada rusiyalı tələbələrin oxumasının, həmçinin azərbaycanlı gənclərin Rusiya universitetlərində təhsil almasının təhsil sahəsinin ikitərəfli inkişafının yüksələn xətlə davam etdiyini göstərdiyini deyib. S.Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda 80-dən çox azərbaycanlı tələbənin oxuduğunu və say etibarilə Qazaxıstandan sonra onların ən böyük xarici tələbələr qrupu olduğunu bildirib.

Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir Azərbaycanın və Rusiyanın strateji tərəfdaşlar olduğunu vurğulayıb. “Keçən müddət ərzində biz dostluq və mehriban qonşuluq münasibətlərini nəinki qoruya, hətta daha da inkişaf etdirə, çoxşaxəli müqavilə-hüquq bazası yarada bilmişik. Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir, Qafqaz regionunda, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə birgə töhfələr verir. İki ölkə rəhbərləri arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın inkişafına böyük impuls verir. Azərbaycan və Rusiya ikitərəfli əlaqələrin tükənməz potensialından daha çox istifadə etməlidir”, - deyə nazir qeyd edib.

Tələbələrlə interaktiv dialoqda nazir bir sıra beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı fikirlərini bölüşüb. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı məsələyə münasibət bildirən nazir Rusiyanın belə layihələrə “kənarda qalma” mövqeyindən baxmadığını deyib. O, regionda belə layihələrin reallaşdırılmasının əhəmiyyətindən danışaraq Rusiya, Azərbaycan və İran arasında üçtərəfli formatda sıx əməkdaşlığın olduğunu söyləyib: “Bu tərəfdaşlıq hər üç tərəfin təşəbbüsü ilə Şimal-Cənub nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasında əks olunur. Buna görə də hesab edirəm ki, infrastruktur layihələri bərabər şəkildə əməkdaşlıq imkanlarını daha da zənginləşdirir”.

Sergey Lavrov beynəlxalq terrorizmlə mübarizədə iki ölkənin əməkdaşlığı ilə bağlı suala cavabında, ilk növbədə, bu işdə bütün dünyanın birləşməsinin vacibliyini önə çəkib. “Azərbaycan və Rusiya ən geniş beynəlxalq əməkdaşlığın tərəfdarıdır ki, terrorizmlə mübarizə ikili standartlar olmadan həyata keçirilsin. Heç kim terrorçulardan öz məqsədlərinə nail olmaq üçün istifadə etməməlidir”, - deyə o diqqətə çatdırıb. Nazir iki ölkənin BMT çərçivəsində fəaliyyət göstərdiyini, terrorizmlə mübarizədə ümumi mexanizmlər hazırladığını, həmçinin MDB-də antiterror layihələrdə iştirak etdiklərini, ikitərəfli səviyyədə müvafiq qurumların sıx əlaqədə fəaliyyət göstərdiklərini bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Minsk qrupunun həmsədrləri olan ABŞ və Rusiyanın hazırkı ikitərəfli əlaqələri kontekstində münasibət bildirib. O, ABŞ və Rusiya arasında bir çox problemlərlə əlaqədar fikir ayrılığının olmasına baxmayaraq, bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığa ziyan vurmadığını söyləyib. Nazir həmsədrlərin münaqişənin həlli məsələsində ümumi mövqedə olduqlarını qeyd edib.

Görüşdə Sergey Lavrov, həmçinin BMT-nin fəaliyyəti, bu strukturda islahatların aparılması, iqtisadi və siyasi ittifaqların qlobal səviyyədə əməkdaşlığı yollarından danışıb. O, tələbələrə tövsiyələrini də verərək diplomat olmaq üçün çox bədii kitab oxumağın, insanlarla xoş ünsiyyət qurmağı bacarmağın, həmsöhbəti anlamağa çalışmağın, güzəştli mövqe tapa bilməyi öyrənməyin vacib olduğunu söyləyib.

Sonda “ADA” Universitetinin rektoru Hafiz Paşayev Sergey Lavrova kitab və universitetin medalını təqdim edib.

https://azertag.az/xeber/Sergey_Lavrov_ADA_Universitetinin_telebeleri_qarsisinda_chixis_edib_YENILANIB-1113378

növbəti xəbər əvvəlki xəbər