2017-11-26
Şəki şəhəri Kolmar Milad bazarında təmsil olunur

Kolmar və Şəki şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Kolmarda Milad bazarının açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Kolmar şəhərinin meri Jilber Meyer Milad bazarının açılışında çıxış edərək Şəki nümayəndə heyətinin tədbirdə iştirakını xüsusi vurğulayıb, buna görə təşəkkürünü bildirib. O, bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsində böyük rol oynadığını diqqətə çatdırıb.

Tədbirin açılışından sonra iştirakçılar stendləri ziyarət ediblər. Qonaqlara Azərbaycan stendləri və nümayiş olunan məhsullar haqqında məlumat verilib.

Azərbaycan stendlərində olan ziyarətçilərə tariximiz, mədəniyyətimiz, mətbəximizlə bağlı nəşrlər hədiyyə edilir.

Bu il Kolmar Milad bazarında Şəkinin şirniyyatları, ipək kəlağayıları, sənətkarlıq nümunələri, müxtəlif rəsm əsərləri, daş üzərində rəsmləri, eləcə də “Tovuz-Baltiya” şirkətinin məhsulları - meyvə şirələri, şərablar təqdim olunur.

Qeyd edək ki, Kolmar Milad bazarını hər il 1 milyon yarım turist ziyarət edir. Milad bazarında təmsil olunmaq ölkəmizin tanıdılması baxımından əhəmiyyət daşıyır.

https://azertag.az/xeber/Seki_seheri_Kolmar_Milad_bazarinda_temsil_olunur-1115318

növbəti xəbər əvvəlki xəbər