2017-11-26
Şəkinin nümayəndə heyəti Fransanın Kolmar şəhərinə işgüzar səfər edib

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Kolmar şəhərinə səfər edib. Səfər Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun iki ölkə regionları arasında əlaqələrin inkişafı istiqamətində apardığı birgə fəaliyyətin uğurlu nəticəsində Kolmar və Şəki şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində reallaşıb.

AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi Kolmarın Milad bazarında ölkəmizin təmsil olunmasını təmin etmək, iki şəhər arasındakı münasibətlərin daha da genişləndirilməsi məqsədilə tədbirlər planına yenidən nəzər salmaq olub.

Kolmar şəhərinin meriyasında mer Jilber Meyerlə keçirilən görüşdə ikitərəfli əlaqələr və 2018-ci ilin fəaliyyət planı müzakirə edilib. Eləcə də təhsil sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, Şəki və Kolmar məktəbləri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin iqtisadi sahədə Şəkidə şərabçılığın inkişafında fransız təcrübəsinin öyrənilməsi və bu istiqamətdə müştərək müəssisələrin yaradılması, ipəkçilik və toxuculuq sahəsində əməkdaşlığın qurulması, ölkəmizin ixrac potensialının Fransada təşviqi, Şəkidə istehsal olunan lavand və qızılgül yağlarının Fransaya ixracı imkanlarının araşdırılması müzakirə edilib.

Eyni zamanda, turizm sahəsində ölkəmizin yeni istiqamət kimi tanıdılması üçün Fransa təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Fransadakı səfirliyimizin birinci katibi Tural Rəsulov da iştirak edib.

https://azertag.az/xeber/Sekinin_numayende_heyeti_Fransanin_Kolmar_seherine_isguzar_sefer_edib-1115307

növbəti xəbər əvvəlki xəbər