2017-11-27
Dünya birliyi bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə yanaşmamalıdır

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib. O, eyni zamanda, BMT-nin müxtəlif müqavilə qurumları ilə hərtərəfli və konstruktiv müzakirələrin aparıldığını və ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının xüsusi prosedurlar üzrə mandat daşıyıcıları ilə əməkdaşlığın səmərəliliyini vurğulayıb.

Nazir müavini ölkəmizdə insan hüquqları və əsas azadlıqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi diqqət yetirildiyini, bu sahədə mövcud olan milli qanunvericiliyin təkmilləşdirildiyini, məhkəmə-hüquq sistemində mütəmadi olaraq islahatların aparıldığını, QHT-lərin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirildiyini, vətəndaş cəmiyyətinin möhkəmləndirildiyini və insan hüquqları sahəsində davamlı olaraq milli fəaliyyət proqramlarının qəbul edildiyini söyləyib.

Jorjet Qanyon təmsil etdiyi qurumun Azərbaycan Hökuməti ilə mövcud əməkdaşlığa böyük önəm verdiyini və ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu bildirib.

X.Xələfov ölkədə insan hüquqlarının bütövlükdə təmin olunmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əngəl təşkil etdiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulduğunu, lakin dünya ictimaiyyəti, o cümlədən beynəlxalq qurumlar tərəfindən məsələyə lazımi dərəcədə diqqət göstərilmədiyini diqqətə çatdırıb.

Görüşdə işğalçı qüvvələrin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq öz doğma torpaqlarını ziyarət edən məcburi köçkün Dilqəm Əsgərovu və Şahbaz Quliyevi girov götürməsi və onları azadlıqdan məhrum etməsi faktlarına birmənalı qiymətin verilməsinin vacibliyi vurğulanıb və bu barədə fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Dunya_birliyi_bir_milyondan_chox_azerbaycanli_qachqin_ve_mecburi_kochkunun_huquqlarinin_pozulmasina_bigane_yanasmamalidir-1115665

növbəti xəbər əvvəlki xəbər