2017-12-11
Oqtay Əsədov: Rusiya ilə parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir

Dekabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, spiker Azərbaycanın Rusiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Sevindirici haldır ki, hər iki ölkənin parlamentləri arasındakı əlaqələrimiz də yüksək səviyyədədir. Bu gün münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycanın və Rusiyanın ali qanunverici orqanlarının müvafiq komitələrinin Bakıda ilk iclası keçirilir.

Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi ilə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə iclasında müzakirə olunan məsələlər əlaqələrimizin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki, beynəlxalq təşkilatlarda da nümayəndə heyətlərimiz qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq vahid mövqe nümayiş etdirirlər.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələr də gündən-günə inkişaf edir. Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün bütün imkanlar mövcuddur.

Leonid Kalaşnikov ölkəmizə səfərindən və Milli Məclisdə müvafiq komitələrin birgə iclasının yekunlarından məmnun qaldığını söyləyib. Bildirilib ki, Rusiya Azərbaycanla əlaqələrin dərinləşməsində, o cümlədən parlamentlər səviyyəsində münasibətlərin davamlı inkişafında maraqlıdır. Bu, hər iki xalqın mənafelərinə uyğundur. “Biz gələcəkdə Milli Məclislə əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. Nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda mütəmadi görüşlərini və prinsipial məsələlər üzrə aparılan fikir mübadilələrini təqdirəlayiq hesab edirik”, - deyə o qeyd edib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.

https://azertag.az/xeber/Oqtay_Asedov_Rusiya_ile_parlamentlerarasi_elaqelerimiz_yuksek_seviyyededir-1119932

növbəti xəbər əvvəlki xəbər