2017-12-13
Azərbaycan-Vatikan əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan və Vatikan arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayevin Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin protokol rəisi Xose Avelino Bettenkurt ilə görüşündə ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışılıb, Roma Katolik Kilsəsinin başçılarının ölkəmizə səfərləri xatırlanıb.

Heydər Əliyev Fondu və Vatikan arasındakı əməkdaşlığa toxunan tərəflər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Vatikan əlaqələrinin dərinləşməsində müstəsna xidmətlərindən söz açıblar. Heydər Əliyev Fondunun Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasına və digər layihələrin həyata keçirilməsinə verdiyi töhfələr vurğulanıb.

Səfir Rəhman Mustafayev ölkəmizin tarixi və mədəniyyətinə dair nəşrləri Vatikan rəsmisinə hədiyyə edib.

Görüşdə səfirliyin nümayəndəsi Zaur Fərhadov da iştirak edib.

növbəti xəbər əvvəlki xəbər