2017-12-13
BMT-də keçirilən panel müzakirələrdə Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının “Sülh və Təhlükəsizlik” mövzusunda keçirilən panel müzakirələrinə qatılıb.

BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə GUAM ölkələrində münaqişələrin alovlanmasında sülh və təhlükəsizlik amilləri, münaqişələr zamanı humanitar böhranın aradan qaldırılması, münaqişələrin həllində qarşılıqlı etimad, sülh və dayanıqlı inkişaf kimi məsələlər diqqətə çatdırılıb.

Umud Mirzəyev və tədbirdə iştirak edən BAMF nümayəndələri Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı məsələləri və ölkəmizin mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırıblar.

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin rəhbəri Mark Andre Dorel ilə keçirilən görüşdə BAMF-ın bu illər ərzində gördüyü işlər, Fondun Şuranın dünyada tanınmasına verdiyi töhfə yüksək qiymətləndirilib. M.Andre Dorel bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib. O, BAMF-ı BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin 2019-cu ildə təşkil edəcəyi ən yüksək statuslu Liderlər Forumuna qatılmağa, eyni zamanda, forumun işinə ayrıca töhfə verməyə dəvət edib. BAMF–ın bu forumda xüsusi təqdimatla çıxışının əhəmiyyətinə toxunan M.Dorel təşkilatın beynəlxalq təcrübəsinin bütün üzvlərə ciddi faydalar gətirəcəyinə, Şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar açacağına inandığını bildirib.

Görüşdə BAMF prezidenti Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və dövlətin oynadığı vacib rol barədə Mark Andre Dorelə ətraflı məlumat verib. Fikir mübadiləsi zamanı ECOSOC-un QHT bölməsi ilə birgə fəaliyyətin zəruriliyindən söhbət açılıb. Həmçinin BMT-in Baş Assambleyası kimi yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti qeyd edilib, gələcək əməkdaşlığın imkanları geniş müzakirə olunub. U.Mirzəyev bu yaxınlarda BAMF-ın təşkilatçılığı ilə Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının iştirak etdikləri “BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda tədbiri xatırladıb. Bildirib ki, BAMF-ın ofisində baş tutan tədbirdə Azərbaycandan olan vətəndaş cəmiyyəti təşkilatlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Bu görüş həm yerli QHT-lər, həm də BMT-nin Bakıdakı nümayəndəliyi tərəfindən müsbət qarşılanıb.

Umud Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərər çəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu meyil olub.

Bununla yanaşı, BAMF-ın prezidenti dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşmasının və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.

BMT-yə səfər çərçivəsində BAMF nümayəndələri İnsan Haqları Bəyannaməsinin elan olunmasının 70 illiyinə həsr olunmuş tədbirə də qatılıblar.

Tədbirdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak, BMT-nin Miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Louis Arbor və digərləri bu gün dünyada insan haqlarının pozulmasının bəşəriyyətin üz-üzə qaldığı ən ağrılı problem olduğunu qeyd ediblər. Çıxışçılar insan haqlarının pozulmasına səbəb olan müharibələrin heç zaman qələbə ilə yekunlaşmadığını ifadə ediblər.

Tədbir çərçivəsində BMT İnsan Haqları Komissiyasının keçmiş komissarı, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Navi Pilay ilə görüşən Umud Mirzəyev insan haqları ilə bağlı durumun yaxşılaşdırılması üçün zəruri olan tədbirlərdən və bu sahədə Azərbaycanın təşəbbüslərindən söz açıb. Xanım Navi Pilay gənc ölkələrin bu sahədə əzmlə fəaliyyət göstərməli olduqlarını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində müsbət mövqeyini qeyd edib.

Daha sonra Umud Mirzəyev BMT Sosial-İqtisadi Şurasının baş komissarı Hu Vonqbo və BMT-nin Afrika üzrə xoşməramlı səfiri, Yeni Gələcək Fondunun prezidenti Delois Blakely ilə görüşüb. Xanım Delois Blakely BAMF-ın fəaliyyəti ilə tanış olduğunu, görülən işləri yüksək dəyərləndirdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi BAMF-ın BMT-nin 72-ci sessiyasının müzakirələrində iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.

https://azertag.az/xeber/BMT_de_kechirilen_panel_muzakirelerde_Azerbaycanin_isgal_edilmis_erazilerindeki_veziyyet_barede_melumat_verilib-1120537

növbəti xəbər əvvəlki xəbər