2017-12-21
Azərbaycan səfiri etimadnaməsini Roma Papasına təqdim edib

Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev etimadnaməsini Roma Papası Fransiskə təqdim edib.

AZƏRTAC xəbər verir ki, Roma Papası Fransisk Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə R.Mustafayevi təbrik edib, Prezident İlham Əliyevə onun ehtiramını, eləcə də dövlətimizin başçısına və Azərbaycan xalqına dua etdiyinə əmin olmağı çatdırmağı xahiş edib. Roma Papası ölkəmizə səfərini məmnuniyyətlə xatırladığını bildirib.

O qeyd edib ki, bir gündə müxtəlif xalqları və dinləri təmsil edən səkkiz səfirin etimadnaməsini qəbul etmək özü dini və etnik müxtəlifliyin xalqların birliyində müsbət və konstruktiv rol oynadığını əks etdirir. Papa Fransisk bugünkü mürəkkəb dünyada dialoqun, barışığın və əməkdaşlığın vacibliyini, onların ümumi rifahın inkişafında əhəmiyyətini vurğulayıb.

Səfir Rəhman Mustafayev dialoqun, dini və etnik müxtəlifliyin Azərbaycan dövlətinin siyasətinin təməl daşı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin mədəniyyətlər və dinlər arasında dialoq üzrə beynəlxalq platformaya çevrildiyini vurğulayıb.

Sonra səfir Rəhman Mustafayev Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

https://azertag.az/xeber/Azerbaycan_sefiri_etimadnamesini_Roma_Papasina_teqdim_edib-1122882

növbəti xəbər əvvəlki xəbər