2017-12-26
Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 25 illiyi münasibətilə Atırauda konsert olub

Qazaxıstanın Atırau şəhərindəki Kurmanqazı adına konsert salonunda Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun və Atırau vilayətindəki azərbaycanlıların “Novruz” Milli-Mədəni Cəmiyyətinin təşkilatçılığı və Atırau vilayət hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Tədbirin əvvəlində Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Azərbaycanın Aktau şəhərindəki baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev və Prezident Nursultan Nazarbayev tərəfindən qoyulmuş və bu gün prezidentlər İlham Əliyevin və Nursultan Nazarbayevin uğurla davam etdirdikləri əlaqələrdən danışıb.

Atırau vilayət hakiminin birinci müavini Saqindik Lupkanov Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin tarixi kökləri haqqında danışıb, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq Artisti Brilyant Dadaşova, Əməkdar Artist Elnarə Abdullayeva, müğənnilər Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Sevil və Sevinc Səfərova bacıları konsert proqramı ilə çıxış ediblər.

Konsertdən sonra Qazaxıstan Xalqları Assambleyasının Atırau vilayəti üzrə katibi Gülmira Şakirova və azərbaycanlıların “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, tədbirin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da möhkəmlənməsinə töhfələr verəcəyini bildiriblər.

növbəti xəbər əvvəlki xəbər