2018-01-12
Füzulili fermer Lələtəpə yaxınlığındakı ərazilərdə pambıq, taxıl və çuğundur becərir

Füzuli, 12 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə Füzuli rayonunun təmas xəttinə yaxın ərazilərində əhalinin təhlükəsizliyi təmin olunub. Lələtəpə yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi rayonun təmas xəttinə yaxın ərazilərində 600 hektara yaxın sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradıb.

Rayonun Horadiz kənd sakini Rasim Ağayev ötən ilin məhsulu üçün Lələtəpə yaxınlığındakı ərazilərdə 360 hektarda pambıq, buğda və çuğundur becərib. Fermer AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Əvvəllər bu ərazilər çox təhlükəli idi. Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra təsərrüfatda rahat işləyə bilirik. Əkin sahəsinin 50 hektarında 23 ildən sonra ilk dəfə becərmə aparmışıq. Sahələrdən 260 ton pambıq, 700 ton buğda, 360 ton şəkər çuğunduru götürmüşük”.

Hazırda 100 hektar ərazidə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən mina və digər hərbi sursatlardan təmizlənmə işlərinin aparıldığını deyən fermer bu torpaqların da əkin dövriyyəsinə qatılacağını bildirib. Bu ilin məhsulu üçün isə artıq 180 hektarda buğda səpini başa çatdırılıb. 150 hektardan çox ərazi pambıq, 50 hektar sahə isə şəkər çuğunduru əkini üçün saxlanılıb.

Horadiz kənd sakinlərinin baramaçılıq sahəsində zəngin təcrübəsinin olduğunu qeyd edən fermer gələcəkdə tut tingləri əkməyi, barama istehsal etməyi də nəzərdə tutur.

https://azertag.az/xeber/Fuzulili_fermer_Leletepe_yaxinligindaki_erazilerde_pambiq_taxil_ve_chugundur_becerir-1127719

növbəti xəbər əvvəlki xəbər