2018-01-15
Akkan Suver: “Ekspo 2025” sərgisinə ev sahibliyi istəyi Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir

Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək istəyi Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver deyib. Azərbaycanın Antalyada keçirilmiş “Ekspo 2016” və Astanadakı “Ekspo 2017” sərgilərində uğurla təmsil olunduğunu vurğulayan professor deyib: “Əslində “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün çox güclü rəqiblərlə mübarizə aparmaq özü Azərbaycanın uğurudur”.

Akkan Suver əminliklə bildirib ki, Azərbaycan 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinə, 2015-ci ildə birinci Avropa Oyunlarına tamamilə fərqli təqdimatlarla ev sahibliyi etdi və bununla da beynəlxalq yarışların təşkilinə yeniliklər gətirdi. Bu, onu deməyə əsas verir ki, Azərbaycan “Ekspo 2025” sərgisinə də yeniliklər gətirə, bu tədbirin gələcək inkişafına töhfələr verə bilər. “Əminik ki, təşkilat komitəsi, ümumiyyətlə, beynəlxalq ictimaiyyət seçim məsələsində bu amili dəyərləndirəcək”, - deyə o əlavə edib.

Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini xatırladan professor beynəlxalq ictimaiyyətin “Ekspo 2025”lə bağlı Bakıya dəstək verməklə Azərbaycanın real inkişafına və dövlətçilik tarixinə böyük bir hədiyyə edəcəyini vurğulayıb.

https://azertag.az/xeber/Akkan_Suver_Ekspo_2025_sergisine_ev_sahibliyi_isteyi_Azerbaycanin_herterefli_inkisafinin_gostericisidir-1128301

növbəti xəbər əvvəlki xəbər