2018-01-17
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikası Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etien ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov həmsöhbətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş məlumat verib və münaqişənin həllinə dair Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında humanitar və iqtisadi-ticarət əlaqələrinin inkişafı təqdir edilib. Bu xüsusda, Bakıda Azərbaycan-Fransız Universiteti, Fransız liseyinin fəaliyyəti, fransız dilinin tədrisinə göstərilən dəstək, tələbə mübadiləsi, iki ölkənin regionları arasında münasibətlərin qurulması, ticarət əlaqələrinin genişləndirilməsi qeyd olunub.

Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə regionda həyata keçirilən nəqliyyat və enerji layihələri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər və aparılan köklü islahatlar haqqında danışıb. O, Fransa şirkətlərini Azərbaycanın qeyri-neft sektorunda daha yaxından təmsil olunmağa dəvət edib.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Fransanın göstərdiyi dəstəyi məmnunluqla qeyd ediblər.

Görüş əsnasında Azərbaycanın multikulturalizm ənənələri, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri yüksək qiymətləndirilib.

Həmçinin görüşdə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

https://azertag.az/xeber/Fransa_Prezidentinin_musaviri_Ermenistan_Azerbaycan_munaqisesi_barede_melumatlandirilib-1129141

növbəti xəbər əvvəlki xəbər