2018-01-25
Parisdə Azərbaycanın Dostları Assosiasiyasının illik baş assambleyası keçirilib

Yanvarın 23-də Parisdə Azərbaycan səfirliyinin dəstəyi ilə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) illik baş assambleyası keçirilib.

ADA-dan AZƏRTAC-a bildiriblər ki, assambleyanın gündəliyinə assosiasiyanın 2017-ci ildəki fəaliyyətinin təhlili, qiymətləndirilməsi və növbəti il üçün fəaliyyət planının müzakirəsi daxil olunub.

Assambleya ADA-nın sədri, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel təqdimatı ilə başlayıb.

Daha sonra 2017-ci ildə həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, Fransanın müxtəlif şəhərlərində il ərzində bir sıra maraqlı və uğurlu layihələr həyata keçirən assosiasiyanın əsas məqsədi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini təbliğ etməkdir.

Jan–Fransua Mansel Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixlə bağlı cari ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur.

O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada tanınması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq. O, 2018-ci il üçün nəzərdə tutulan fəaliyyət planının həyata keçirilməsində assosiasiyanın üzvlərinin daha da fəal olacağına əminliyini ifadə edib.

Sədr Azərbaycan torpaqlarının iyirmi faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində ADA-nın fəaliyyətini davam etdirdiyini bildirərək deyib: “Fransadakı Azərbaycanın dostları Azərbaycan xalqı ilə həmişə həmrəydir. Münaqişənin ən qanlı səhifəsi olan Xocalı soyqırımı, eləcə də yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını fransızlara çatdırmaq üçün il ərzində ADA bir sıra tədbirlər keçirəcək”.

Daha sonra assosiasiyanın baş katibi Mirvari Fətəliyeva illik maliyyə hesabatını təqdim edərək assosiasiya üzvlərinin suallarını cavablandırıb.

Kolmar şəhərinin meri Jilber Meyer söz alaraq Şəki və Kolmar şəhərləri arasındakı dostluq sazişi əsasında həyata keçirilən müxtəlif layihələrlə bağlı məlumat verib. Bundan sonra da bu istiqamətdə iki dost ölkələr arasındakı münasibətlərin inkişafına töhfə verəcək layihələri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Müzakirələr zamanı Fransanın Azərbaycandakı ilk səfiri, ADA-nın təsisçisi və fəxri prezidenti Jan Perən assosiasiyanın 3 illik fəaliyyətini, həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirdiyini deyib. Fransa Yəhudi Təşkilatlarının Əlaqələndirmə Şurasının üzvü Jan-Pyer Allali Azərbaycana etdiyi səfərlərin xoş təəssüratları nəticəsində “Qubanın 12 daşı” adlı kitabını yazdığını bildirib. UNESCO-nun xoşməramlı səfiri Edva Ser Azərbaycanın tolerantlıq nümunəsi olduğunu, ölkədə dinlər arasında ayrı-seçkiliyə yol verilmədiyini, etnik qrupların dininə, dilinə və mədəniyyətinə hörmətlə yanaşıldığını, məscidlərlə yanaşı, kilsə və sinaqoqların fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Uzun müddət Fransanın Azərbaycandakı səfirliyində çalışan Gi Şövalye ölkəmizdəki tolerantlığın şəxsən şahidi olduğunu və Azərbaycanda “birgə yaşamaq” prinsipinin uzun zamandan bəri mövcud olduğunu vurğulayıb.

Baş assambleyada, həmçinin assosiasiyanın icra şurasının üzvlüyünə namizədlərin siyahısı təqdim olunub və yeni tərkib təsdiq edilib. İyirmi nəfərdən ibarət olan şura tərkibini Fransa ictimaiyyətinin tanınmış siyasi-ictimai xadimləri, o cümlədən deputat, senator, departament rəhbəri, şəhər merləri və müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış simalar təşkil edir.

Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyət planının qəbul edilməsi məqsədilə yaxın zamanlarda icra şurasının yeni tərkibdə iclasının keçirilməsi qərara alınıb.

Assambleyadan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən film, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda ziyafət təşkil edilib.

https://azertag.az/xeber/1131507

növbəti xəbər əvvəlki xəbər