2018-02-12
Paul Riçard Gallager: Azərbaycanda tolerantlığın səviyyəsi və dini icmalara hörmət təqdirəlayiqdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər. 1997-ci ildə 24-27 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və 2015-ci il 6 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci il mayın 22-də və Papa Fransiskin 2016-cı il oktyabrın 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusi vurğulanıb.

Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgəyaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırıb. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən Paul Riçard Gallager Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə çox faydalı müzakirələrin aparıldığını bildirib. Azərbaycanda katolik icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlığın səviyyəsini və digər dini icmalara hörməti yüksək qiymətləndirib.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən Elmar Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransda iştirakını təqdirəlayiq bir hal kimi qiymətləndirib.

Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd ediblər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək qiymətləndirilib.

Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan Elmar Məmmədyarov sözügedən yazıların üzə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana öz dərin təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə toxunan nazir Elmar Məmmədyarov bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb.

Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meyilləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib.

Həmçinin tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

https://azertag.az/xeber/1135991

növbəti xəbər əvvəlki xəbər