2018-02-16
Hikmət Hacıyev: Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması şəraitində sülhdən danışması açıq riyakarlıqdır VİDEO

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın xüsusi xidmət orqanlarının “Dünya üzrə təhdidlərin qiymətləndirilməsi” adlı hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks olunmuş məsələlərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini davam etdirməsi və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitində sülhdən danışması açıq riyakarlıq, məsuliyyətsizlik və qeyri-ciddi yanaşmadır.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində dəfələrlə bildiriblər ki, mövcud status-kvo qəbuledilməzdir və qeyri-dayanıqlıdır. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalı və nəticə etibarilə, münaqişənin siyasi həlli üçün hərbi risk amili aradan qaldırılmalıdır.

https://azertag.az/xeber/Hikmet_Haciyev_Ermenistanin_Azerbaycan_erazilerini_isgal_altinda_saxlamasi_seraitinde_sulhden_danismasi_achiq_riyakarliqdir_VIDEO-1137404

növbəti xəbər əvvəlki xəbər