2018-02-28
Sumqayıt işini araşdıran müstəntiq: ""KQB" rəhbərliyi iğtişaşların təşkilatçılarının müəyyən edilməməsi barədə göstəriş vermişdi" - MÜSAHİBƏ

"Bu günə kimi Ermənistandan qovulan azərbaycanlıların oradan çıxan zaman nə qədər itki verdiyi məlum deyil"

 

1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışmış, SSRİ Baş Prokurorluğunun Sumqayıtda baş verənləri araşdırmaq üçün hadisələrdən bir gün sonra Azərbaycana göndərdiyi Vladimir İvanoviç Kaliniçenkonun APA-nın Moskva müxbirinə müsahibəsi

 

- Vladimir İvanoviç, 30 il əvvəl baş verənləri necə xatırlayırsınız? Bildiyimizə görə, Sumqayıt hadisələrinə qədər də Azərbaycanda olmuşdunuz.

 

- 30 il elə də böyük tarix deyil. Amma bu tarixdən dərs çıxarmaq böyük şeydir. Xüsusilə Sumqayıtda baş verənlərdən...Tarixi saxtalaşdırmaq əlbəttə ki, pisdir. Saxta tarixdən çıxarılan dərsin heç bir əhəmiyyəti yoxdur. Bəli, mən Sumqayıt hadisələrinə qədər də Azərbaycanda olmuşdum. İlk səfərim 1979-cu ilə təsadüf etmişdi. Azərbaycan SSR-nin sabiq prokuroru Qambay Məmmədovun cinayət işini təhqiq etmək üçün Bakıya göndərilmişdim. Demək olar ki, yarım il Azərbaycanda oldum. Həmin vaxt mən təkcə Bakıda deyil, Dağlıq Qarabağda, Şuşada, Stepanakertdə (Xankəndi-red) olmuşdum. Muxtar Vilayətdə partiya rəhbərliyində, icraiyyə komitəsində, "KQB" və milisində çalışanların əksəriyyəti erməni idi. Bütün bunları mən gözümlə görmüşdüm.

 

"O vaxt Sumqayıtın prokuroru İsmət Qayıbov idi. O öz işini çox mükəmməl bilirdi. Sözün əsl mənasında professional idi"

 

Bakıda da, həmçinin, bütün rayonların ikinci katibi ermənilər idilər. Mərkəzi komitədə də ermənilər vardı. O zaman mən Sabunçu vağzalı tərəfdə qalırdım. Prokurorluqda mühüm işlər üzrə müstəntiq Armen İsaqulov adlı bir erməni vardı. Daha sonra o, Dağlıq Qarabağın daxili işlər naziri olmuşdu. Biz o zaman bir yerdə - azərbaycanlı müstəntiq Elman Ağayev, mən və Armen İsaqulov hər gün birlikdə nahar edirdik, zarafatlaşırdıq. Heç kimin ağlına belə gəlməzdi ki, belə bir hadisə baş verəcək. Bu hadisələr baş verəndən sonra Armen İsqulovla Yerevanda mehmanxanada rastlaşdıq, Azərbaycanın və azərbaycanlıların adı gələndə ağzından alov püskürürdü.

 

- Sumqayıta göndərilməyiniz necə baş verdi?  

 

- 1988-ci ilin fevralında Qazaxıstanda ezamiyyətdə idim. Fevralın 28-də mənə zəng gəldi. O vaxt Azərbaycanda baş verən hadisələr barədə məlumatsız idim. Xəbər verdilər ki, Bakı və Sumqayıtda vəziyyət yaxşı deyil, qırğınlar baş verib, təcili ora getməliyəm. SSRİ baş prokurorunun göstərişi ilə baş verən qırğınları araşdırmaq üçün Azərbaycana getdim. O vaxt ələ dəqiq müəyyən edilməmişdi ki, Sumqayıt işini araşdırmaq mənə, ya da əslən bakılı olan Vladimir adlı - soyadın unutmuşam - müstəntiqə tapşırılsın. Hadisələrin ikinci günü mən, artıq Sumqayıtda idim. Mənim üçün Sumqayıtda baş verənlər çox gözlənilməz idi. Çünki heç ağlıma gəlmirdi ki, azərbaycanlılarla ermənilər arasında milli zəmində münaqişə baş verər. Lakin prokurorluqda mənə tarixi arxiv materialı göstərdilər.

min arxiv sənədində Rusiya imperiyası dövründə, 1905-1906-cı ildə ermənilərin Bakıda qırğınlar törətdikləri qeyd olunmuşdu. Həmin sənəddə imperator II Nikolaya həmin illərdə ermənilərin Bakıda törətdikləri qırğının səbəbləri haqqında məruzə qeyd olunmuşdu. Bu sənədi oxuyandan sonra mənə Sumqayıt hadisəsinin səbəblərini öyrənmək heç də çətin olmadı. Erməni-azərbaycanlı münaqişəsinin nə qədər köhnə münaqişə olduğunu özüm üçün müəyyən etdim. O zaman Sumqayıtın prokuroru İsmət Qayıbov idi. O öz işini çox mükəmməl bilirdi. Sözün əsl mənasında professional idi. Sumqayıt hadisələri o qədər qeyri-adi idi ki, ora bütün SSRİ-dən əməliyyatçı-müstəntiqləri göndərmişdilər. Təxminən 600-ə yaxın əməliyyatçı, müstəntiq, prokurorluq və "KQB" işçiləri Azərbaycana gəlmişdi. Məni o vaxt bir hadisə çox təəccübləndirmişdi. İclasın keçirilməsi üçün 600 nəfərin yerləşəcəyi yer yox idi. İclasın keçirildiyi yer 150 nəfərlik idi. Ona görə də Sumqayıt işini araşdırmağa gələn qrupdan keyfiyyətli iş tələb etmək mənasızıydı.. 

 

- Hadisələr baş verən zaman siz SSRİ Baş Prokurorluğunun xüsusi mühüm işlər üzrə müstəntiqi idiniz. Sovetlər İttifaqı hakimiyyətinin yuxarı eşelonunda erməni-azərbaycanlı münaqişəsinin səbəbkarı kimi kimi görürdülər?

 

- Qorbaçovun hakimiyyətə gəlişindən sonra bir gün mətbuatda Zori Balayan, Silva Kaputikyan və akademik Aqanbekyanın Dağlıq Qarabağda problemlərin olması və bu vilayətin Ermənistana birləşdirilməsi haqqında yazısı peyda olur. Baxmayaraq ki, ermənilərin istəkləri çoğrafi cəhətdən mümkün deyildi. Bu ermənilərə isə tanınmayan bir şəxs - Qalina Staravoytova qoşulmuşdu. Staravoytova etnoqraf idi. Etnoqraf olan şəxs əslində bu addıma qol qoymamalı idi. Buna baxmayaraq, o, erməniləri dəstəklədi. Bəs Qorbaçov kim idi? Qorbaçov Stavropol diyarında doğulub. Moskva Dövlət Universitetini bitirib və təyinatını həmin diyara alıb.

 

"Ermənilərin Sumqayıt hadisələri ilə bağlı nağıllarına baxmayaraq, Yerevanda nəşr olunmuş kitabda da Sumqayıtda 26 erməninin öldürüldüyü qeyd olunub"

 

Onu prokurorluq orqanlarına işə göndərmələrinə baxmayaraq, Qorbaçov bir gün də olsun, prokurorluq orqanlarında çalışmayıb, tez bir zamanda komsomol və partiya orqanına keçib. O, uzun müddət Stavropol diyarında işləyib. Stavropol millətlərarası problem baxımından bütün Sovetlər İttifaqında ən mürəkkəb region olub. Götürək elə, bu diyara daxil olan Şimali Qafqazı. Qorbaçov bu regiondakı milli-etnik problemləri hamıdan yaxşı bilirdi. Buna baxmayaraq, o, gözlənilmədən Balayan, Aqanbekyan və Kaputikyanın təklifini dəstəklədi. Beləliklə, bombaya fitil qoyuldu. İlk çaxnaşmalar əslində Dağlıq Qarabağdan başlamışdı. Ermənistandakı erməni millətçilər də bu hərəkata qoşuldular. Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlını öz ata-baba yurdundan qovmağa başladılar. Onların əksəriyyəti dağlıq yollarla Ermənistandan qaçmağa məcbur olur. İndiyə kimi heç kəs bilmir ki, Ermənistandan qovulan azərbaycanlılar oradan qovulanda nə qədər itki veriblər. Nə qədər azərbaycanlı həlak olub? Həmin azərbaycanlıların əksəriyyəti Ermənistanda kəndlərdə yaşayırdı, yəni, kənd əhalisi idi. Onlar Ermənistandan qovulandan sonra Bakıya gəldilər. Evsiz, eşiksiz, pulsuz... Onların çoxu Bakıda qala bilmədi, Sumqayıta köçdü. Baxın, bütün bu hadisələrin səbəbi məhz burdan başlayır. Ermənistan qovulan azərbaycanlılar Sumqayıtda mitinqlər keçirməyə başladılar. Həmin mitinqin təşkilatçısı da "KQB" idi. Onlar baş verənlərin səbəbkarı kimi erməniləri görürdülər. Üstəgəl Dağlıq Qarabağda baş verənlər... Bütün bunlar gərginliyi daha da artırırdı. Mən hadisələrin ikinci günü artıq Sumqayıtda idim. Evlər yanırdı. Şəhər mühasirəyə alınmışdı. Ancaq xüsusi vəsiqə ilə şəhərə giriş-çıxışa icazə vardı.

- Ermənilər bütün dünyaya car çəkirlər ki, Sumqayıtda minlərlə erməni öldürülüb. İğtişaşlar zamanı ölənlərin dəqiq sayı barədə nə deyə bilərsiz?

- Ermənilərin Sumqayıt hadisələri ilə bağlı nağıllarına baxmayaraq, 1988-ci ilin fevral hadisəsində 26 erməni öldürülüb. Hafizəm məni yanıltmırsa, 7 nəfər də azərbaycanlı öldürülmüşdü. Lakin öldürülən ermənilərin sayı dəqiq yadımdadır - 26 nəfər. Onlardan bir qadının cəsədi tapılmadı. Onu zorlayıb öldürmüşdülər.

Hesab edirəm ki, Sumqayıt hadisəsinin təhqiqatı düzgün təşkil olunmamışdı. Belə ki, zorlama, qətl hadisələrini prokurorluq, soyğunçuluq, sağlamlığa xəsarət yetirməni milis, hadisələrin təşkilatçılarının kim olduqlarını isə "KQB" araşdırmalı idi. Buna etirazımı bildirdim. Çünki qırğınlar eyni yerdə gedirdir, cinayətlər törədilirdi və bu cinayətləri eyni adamlar törədirdilər. Ona görə də cinayət işləri epizodlara görə deyil, şəxslərə görə aparılmalı idi.

Mən həmin vaxt bir epizod üzrə daha çox zərər görən 4-cü mikrorayonda istintaq hərəkəti aparırdım. Erməni Trdatovlar ailəsi onlara hücum edənlərdən özlərini qorumaq üçün suyu qaynadıb hücum edənlərin üstlərinə tökmüşdülər. Mən Trdatovlara hücum edənləri axtarırdım, milisdən olan həmkarım isə yanıq xəsarətləri alan şəxslərin məsələsini araşdırırdı. Bu absurd bir şey idi. Mən bunu iclasda dedim, cinayət işlərini birləşdirməyi tövsiyə etdim. Rəhbərlik mənim bu sözümdən çox qəzəbləndi və məni ay yarım sonra təkrar Qazaxıstana göndərdilər.

"Ermənilər köçəndə ağlaya-ağlaya onları xilas edən azərbaycanlı qadına - Səməngülə təşəkkür edirdilər"

Lakin bu ay yarım ərzində mən bir çox hadisələrin şahidi oldum. Həmin Trdatovlar ailəsini hücumlardan bir azərbaycanlı qadın xilas etmişdi. Ermənilər köçəndə ağlaya-ağlaya onları xilas edən azərbaycanlı qadına - Səməngülə təşəkkür edirdilər.

Qırğınlarda iştirak edən İsmayılov soyadlı bir nəfəri saxlamışdıq. Onun ifadəsini alanda mənə bildirdi ki, digər iğtişaşçılar yuxarı mərtəbələrin pəncərəsindən erməni uşaqlarını yerə atırmışlar. Biz İsmayılovu da götürüb ifadəsində göstərdiyi mənzilə getdik. Həqiqətən beşinci mərtəbə idi. Ev talan olunmuşdu. Lakin müəyyən etdik ki, bu evdə heç kəs öldürülməyib. Sən demə pəncərələrdən atılan balışlar, yorğanlar imiş. İsmayılov isə elə bilib ki, pəncərələrdən atılan uşaqlardır. Heç bir uşaq pəncərədən atılmamışdı. Bax bu yollarla çoxsaylı qurbanlar, faciələr haqqında əfsanələr uydurulurdu. Sözsüz ki, bu hadisələr vaxtı qəddarlıqlar olmuşdu. Lakin rəqəmləri yalandan şişirtmək, hadisələr haqqında əfsanələr uydurmaq lazım deyil.

Hadisələrdən bir müddət sonra SSRİ Həmkarlar İttifaqının Sütunlu zalında tədbir keçirilirdi. Həmin tədbirdə çoxlu erməni vardı. Sumqayıt hadisələri müzakirə olunurdu. İğtişaşlar zamanı 26 nəfərin öldüyünü bildirdim. Bu zaman zalda səs-küy qopdu. Başladılar yerdən replikalar atmağa, Baş Prokurorluğu bilərəkdən Sumqayıtdakı iğtişaşların qurbanlarını gizlətməkdə günahlandırdılar. Mən onlara özümlə gətirdiyim "Sumqayıt faciəsinin qurbanları" adlı kitabı göstərdim. Həmin kitab Yerevanda nəşr olunmuşdu. Bu kitabda Sumqayıtda 26 erməninin öldürüldüyü qeyd olunmuşdu. Kitabda öldürülən ermənilərin sağ vaxtı və ölümündən sonrakı fotoları verilmişdi. Onlara dedim ki, bu kitabda Sumqayıtda öldürülənlərin sayı 26 yazılıb, əgər siz, hesab edirsiz ki, SSRİ prokurorluğu yalan danışır, o zaman öldürülən 27, 28, 29-cu erməninin adını, soyadını çəkin. Bu zaman zalda oturan ermənilərin hamısı ayağa qalxaraq zalı tərk etdi. Bu mənə çox pis təsir elədi. Axı mən onlara faktı demişdim.

- Sumqayıt işini araşdıran zaman Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq prosesinə təsir edirdilərmi?

- Mən azərbaycanlı həmkarılarımın hadisələrin araşdırılması zamanı tutduqları obyektiv mövqeyi xüsusi ilə qeyd etmək istəyirəm. Onlar bizə kömək edirdilər. Bir epizodu xatırlatmaq istəyirəm. Karina adlı erməni qadının zorlanması faktı üzrə saxlanılan bir azərbaycanlı vardı. Azərbaycanlı müstəntiqlər onu törətdiyi əmələ görə o qədər döymüşdülər ki, həmin adamda can qalmamışdı. Bunu nəyə görə deyirəm? Ona görə ki, ermənilər Sumqayıtda soyqırımına məruz qaldıqlarını iddia edirlər. Əgər azərbaycanlılar erməniləri soyqırımına məruz qoysaydılar, azərbaycanlı əməliyyatçılar öz millətindən olan şəxsi bu hala salardılarmı?! Azərbaycanlıların erməniləri ölümdən qurtarmaları ilə bağlı çoxlu sayda epizodun şahidi olmuşam. Azərbaycan tərəfindən iğtişaşların araşdırılması ilə bağlı cinayət işinin sabotaj olunmasını görmədim

Dediniz ki, iğtişaşların təşkilatçılarınının tapılması ilə "KQB"-nin əməliyyatçıları məşğul olurdular. Təşkilatçılardan kimsə cinayət məsuliyyətinə cəlb olundumu?

- Bir sıra şahidlər ifadələri zamanı mənə iğtişaşların təşkilatçılarının predmetləri barədə məlumatlar verdilər. İfadələrə əsasən, təşkilatçılar çox səliqəli görkəmli, cinayətkara xas olmayan zahiri əlamətlərə malik şəxslər idilər. Onların axtarıb tapılması isə qeyri-mümkünüydü. Təşkilatçılardan heç kəs müəyyən edilmədi və təbii ki, cinayət məsuliyyətinə cəlb edilən də olmadı. Mən onları axtaranda isə bildirdilər ki, bu işləri "KQB"-yə təhvil verməliyəm. Bununla onlar məşğul olurlar. Onda əmin oldum ki, Sumqayıtdakı iğtişaşların təşkilatçısı elə "KQB" özü olub.

"Mejlumyan bacıları zorlanmışdı. Həmin epizod üzrə Eduard Qriqoryan adlı erməni istintaqa cəlb olunmuşdu. Təbii ki, zərərçəkmişlərlə üzləşdirilən zaman onu tanıdılar"

Hadisədən illər keçəndən sonra 1988-ci ildə mənimlə birlikdə Sumqayıt hadisələrini araşdıran "KQB"-dən olan həmkarım, yaxın dostumla qarşılaşdım. Ona Sumqayıtdakı kütləvi iğtişaşların "KQB"-nin əli ilə törədildiyini söylədim. O da mənə bunu etiraf etdi. Bildirdi ki, o zaman bunu mənə deyə bilməzdi. Onun dediyinə görə, SSRİ "KQB"-sinin rəhbərliyi tərəfindən göstəriş gəlib ki, iğtişaşların heç bir təşkilatçısı müəyyən edilməsin, tapılmasın. "KQB"-yə bu əmri Qorbaçov vermişdi. Qorbaçovun Balayan, Aqanbekyan və Kaputikyanın çağırışlarına müsbət cavab verməsi, Dağlıq Qarabağda problemin olmasını və problemin həll edilməsinin vacibliyini bildirməsi bütün bu böyük təxribatın tərkib hissəsi idi.

- İstintaq zamanı iğtişaşlarla bağlı məsuliyyətə cəlb olunanlar arasında erməni milliyyətindən olan vardımı?

- Dediyim kimi, mən o zaman zorlama və qətl cinayətlərinin araşdırılması ilə məşğul olurdum. Mejlumyan bacıları zorlanmışdı. Həmin epizod üzrə Eduard Qriqoryan adlı erməni istintaqa cəlb olunmuşdu. Təbii ki, zərərçəkmişlərlə üzləşdirilən zaman onu tanıdılar. Qriqoryanın həbs edilməsi ilə bağlı qətnaməni mən çıxartmışam. Onun iğtişaşçılar arasında olduğu istintaqla sübut olunub.

Onu da qeyd edim ki, Qriqoryan adi iğtişaşçı deyildi, yəni yuxarıda adını çəkdiyim İsmayılov kimi adi fiqur deyildi. Qriqoryan iğtişaşların orta səviyyədə təşkilatçılarından hesab olunurdu. Mən Sumqayıt hadisələri ilə bağlı Azərbaycanda olduğum müddətdə şəxsən həbs qətnaməsi çıxardığım 5-6 nəfər olub. Onlardan biri də Qriqoryan idi. Onun həbsi edilməsi ilə bağlı əlimdə kifayət qədər sübut olub. Qriqoryan bir deyil, bir çox epizod üzrə ittiham olunub. Uzun illər sonra Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov mənim Eduard Qriqoryanın həbsi barədə çıxardığı qətnamənin bir nüsxəsini mənə təqdim edib. 

- Daha sonra iğtişaşların təşkilatçıları, o cümlədən Qriqoryanın cinayət işləri ilə heç maraqlandınızmı?

- Xeyr. Mənim işim onları tutub, "KQB"-yə təhvil vermək idi. Sonradan öyrəndim ki, "KQB" rəhbərliyinin təşkilatçılarə "əl dəyməmək" barədə göstərişi olub.

- Qriqoryanın hazırda Moskva vilayətində yaşadığından xəbəriniz varmı?

 - Xeyr, Sizdən eşidirəm. Onun barəsində məhkəmənin hansı qərar çıxardığını da bilmirəm.

- Sizcə, o vaxt Azərbaycanda baş verənlərdə birbaşa kim maraqlı idi? Qorbaçovun belə addım atmasının səbəbi nə ola bilərdi?

- Sovet İttifaqı çoxmillətli ölkə idi. Bu ölkədə milli zəmində münaqişələrin alovlandırılmasının bir səbəbi vardı, bu da SSRİ-ni dağıtmaq idi. Bu işdə də Qorbaçov və onu dəstəkləyən ermənilər çox fəal iştirak edirdilər. Qafqaza yaxın yerdə doğulub böyüyən Qorbaçov bu regionu hamıdan yaxşı tanıyırdı.

"Kitabımda Qorbaçovun Koreya prezidentindən rüşvət alması faktı qeyd olunub. Təkcə bu fakta əsasən Qorbaçovu cinayət məsuliyyətinə cəlb etmək olardı. Bundan başqa, SSRİ KQB-sinin sonuncu sədri Bakatin o vaxt dünyada analoqu olmayan dinləmə sistemini milyard dollara amerikalılara satılmışdı. Bütün bunlar vətənə xəyanət idi"

Ona görə də Qarabağ məsələsində ermənilərə dəstək verməsi heç də məqsədsiz addım deyildi. Hər şey qabaqcadan planlaşdırılmışdı. Azərbaycana Əbdürrəhman Vəzirovun birinci katib təyin olunması da səhv addım idi. Qorbaçov baş verən qığılcımları söndürmək əvəzinə onun üstünə benzin tökürdü. Təkcə, Qafqazda deyil, Sovet İttifaqının digər regionlarında da bu siyasət aparılırdı. Erməni-Qorbaçov işbirliyi SSRİ-ni dağıtdı.

Bəs niyə Rusiya Baş Prokurorluğu Mixail Qorbaçov barədə heç bir tədbir görmədi. O, hansı səbəbdən cinayət məsuliyyətinə cəlb olunmadı?

 

- Mənim müəllifi olduğum kitabda Qorbaçovun Koreya prezidentindən rüşvət alması faktı qeyd olunub. Amma heç kim bu fakta fikir vermir. Elə təkcə bu fakta əsasən Qorbaçovu cinayət məsuliyyətinə cəlb etmək olardı.

Bundan başqa, amerikalılara SSRİ KQB-sinin sonuncu sədri Vadim Bakatin tərəfindən o vaxt dünyada analoqu olmayan dinləmə sistemi milyard dollara satılmışdı. Bütün bunlar vətənə xəyanət idi. Rusiyanın hazırkı rəhbərliyinin keçmiş rəhbərliyə toxunmamaq ənənəsi var. Soruşursunuz ki, niyə Rusiya Baş Prokurorluğu Qorbaçova qarşı cinayət işi açmır? Çünki Baş Prokurorluq nə SSRİ vaxtı, nə də indi müstəqil orqan olmayıb.

 

"Erməni-Qorbaçov işbirliyi SSRİ-ni dağıtdı"

Gəlin, bir də Sumqayıt hadisələrinə qayıdaq. Həmin vaxt ermənilərin dərdinə yanan Qorbaçovun belə hünəri vardısa, ermənilərin iddia etdikləri Ağrı dağı, Qars və digər ərazilər barədə niyə fikir irəli sürmürdü? Edə bilməzdi axı, çünki məqsəd tamam başqa idi. Bu gün ermənilər Sumqayıtda vəhşiliklərə məruz qaldıqlarını bildirirlər. Onda qırğızların vəhşiliklərinə məruz qalan özbəklər neyləsin?! Oş hadisələrı vaxtı qırğızlar 550 özbəyi vəhşicəsinə öldürmüşdü. Hamilə qadınların bətnindən uşaqları yarıb çıxarmışdlar. Sumqayıt hadisələrini Oşla müqayisə etmək belə olmaz. Mən Sumqayıtda, ümumilikdə, Azərbaycanda ermənilərə olan münasibəti görmüşəm. Azərbaycanlıların erməni qonşularını necə qoruduqlarının şahidi olmuşam. Bütün bunlar mənim gözümün qabağında baş verib. 

https://apa.az/daxili_siyaset/sumqayit-isini-arasdiran-mustentiq-kqb-rehberliyi-igtisaslarin-teskilatcilarinin-mueyyen-edilmemesi-barede-gosteris-vermisdi-musahibe-254.html

növbəti xəbər əvvəlki xəbər