2018-03-26
“Monako” jurnalında dərc olunan müsahibədə Azərbaycan haqqında ətraflı məlumat verilib

Azərbaycanın Fransa, Müqəddəs Taxt-Tac və Monakodakı səfiri Rəhman Mustafayevin həftəlik “Monako” jurnalında müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Monako ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, Avropa və Asiya arasında körpü olan Azərbaycan dünyəvi müsəlman ölkəsidir. Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına verilən önəmindən, ölkəmizin logistika sahəsində vacib imkanlarından söz açan diplomat ondan bəhrələnməyin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Monako ilə iqtisadi, siyasi, diplomatik, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdıran səfir iki ölkə arasında gənclər sahəsində də əlaqələrin möhkəmləndirilməsinin prioritet olduğunu vurğulayıb. Diplomat Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsində, beynəlxalq humanitar proqramların həyata keçirilməsində rolunu da diqqətə çatdırıb. O, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizəyə ölkəmizin mühüm töhfələrini qeyd edib.

Məqalədə Azərbaycanda mətbuat azadlığından, əhalinin 80 faizdən çoxunun internet istifadəçisi olmasından da danışılıb.

https://azertag.az/xeber/1146922

növbəti xəbər əvvəlki xəbər