2018-04-06
Qoşulmama Hərəkatının nazirlər konfransı başa çatıb VİDEO

Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransı aprelin 6-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, konfransın sonuncu iş günündə çıxış edən İsveçrə Xarici İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə baş katibi Joel Musa Nhleko Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması, möhkəmləndirilməsi, insan hüquqlarının təmini istiqamətindəki səylərindən, keçirdiyi tədbirlərdən danışdı. O, bu səylərin müxtəlif xalqların öz müqəddəratlarını müəyyən etmək, hüquq və azadlıqlarını reallaşdırmaq baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Qazaxıstan xarici işlər nazirinin müavini Yerzan Aşikbayev ölkəsinin təhlükəsizliyin qorunması istiqamətində gördüyü işlərdən bəhs etdi. O, Qazaxıstanın BMT-nin təhlükəsizliklə bağlı bütün sənədlərinin tərəfdaşı və fəal dəstəkçisi olduğunu bildirdi. Nazir müavini vurğuladı ki, Qazaxıstan bütün dünyada sülhün bərqərar olması istiqamətində atılan addımlara hər zaman dəstək olmağa hazırdır.

İndoneziya xarici işlər nazirinin müavini Əbdürrəhman Məhəmməd Fachir bildirdi ki, bütün dünyada sülh və təhlükəsizlik naminə təhsil səviyyəsinin yüksəldilməsi vacibdir. O, gənclərin dayanıqlı inkişafa söykənən gələcək qurmaları üçün təhsilin xüsusi önəm kəsb etdiyini vurğuladı.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Əbdürrəhman bin İbrahim Al RissiAzərbaycanın belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirdi. O, dünyada böhranların yaşandığı bir vaxtda Qoşulmama Hərəkatının ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətli olduğunu bildirdi.

Uqandanın xarici işlər naziri Henri Oryem Okello münaqişələrin həlli, miqrasiya böhranının aradan qaldırılması naminə bütün ölkələrin həm BMT, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının vacibliyini qeyd etdi. O, bütün dövlətlərin xarici müdaxilələrə, münaqişələrə qarşı çıxmasının və Qoşulmama Hərəkatı daxilində daha da sıx əməkdaşlıq etməsinin önəmini vurğuladı.

Butanın xarici işlər naziri Sonam Tshonq Qoşulmama Hərəkatının nazirlər konfransının Bakı kimi gözəl bir şəhərdə keçirilməsindən məmnunluğunu ifadə etdi. Vurğuladı ki, dünyada sülhə və təhlükəsizliyə təhdidlərin çoxaldığı bir zamanda Qoşulmama Hərəkatının öz səylərini birləşdirərək həmrəylik nümayiş etdirməsi sevindirici haldır.

Kamerunun xarici işlər nazirinin İslam dünyası ilə münasibətlər üzrə məsul nümayəndəsi Adoum Qarqoum Qoşulmama Hərəkatının dünyada beynəlxalq iqtisadi münasibətlərin nizamlanmasına və inkişafına da mühüm töhfə verdiyini söylədi. O, Qoşulmama Hərəkatının prinsip və dəyərlərinin təbliğinin, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladı.

Maldiv Respublikası xarici işlər nazirinin müavini Əhməd Soreer dedi ki, dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ölkələr arasındakı dialoqdan asılıdır. Ona görə də dialoq daha da gücləndirilməlidir. Qoşulmama Hərəkatı beynəlxalq sülhün bərqərar olmasına xidmət edir.

Bəhreyn xarici işlər nazirinin köməkçisi Abdulla bin Faisal bin Cabur Al Doseri Qoşulmama Hərəkatının əsas prinsiplərindən olan dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın təbliği işində daha fəal iştirakın önəmli olduğunu söylədi.

Sudanın xarici işlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamed dayanıqlı inkişaf üçün əməkdaşlığın önəmini vurğuladı. O əlavə etdi ki, ölkələr arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı anlaşma vacib şərtdir.

Keniyanın BMT-dəki daimi nümayəndəsinin müavini Andrev Kihurani Bakı konfransında aparılan müzakirələrin mühüm aktuallıq kəsb etdiyini söylədi. O, bu toplantının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında töhfə verəcəyinə əminliyini bildirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransda çıxış edərək dedi ki, çoxsaylı qlobal problemlər qarşısında Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlıq dünya əhalisinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması üçün mühümdür. Qoşulmama Hərəkatı bizə bu problemləri müzakirə etmək və səylərimizi koordinasiya olunmuş şəkildə qlobal fəaliyyət üçün birləşdirmək imkanı verir.

Fondun prezidenti qeyd etdi ki, cəmiyyətlərin transformasiyasında mədəniyyətin rolu sürətlə artır. Mədəniyyət, eyni zamanda, dünya cəmiyyətlərinin möhkəmliyini artıran bir vasitədir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduqları, həmin ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqlara məxsus zəngin ortaq ədəbiyyatı, irsi, tarixi təbliğ edir və dünyaya tanıdır. Fond tərəfindən mədəniyyətin daha yaxşı bir dünyaya yol açması məqsədilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla bir sıra layihələr üzrə işlər aparılır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu insanları bir-birinə daha da yaxınlaşdırmaq, sivilizasiyaları birləşdirmək və münaqişələri sülh yolu ilə həll etmək istiqamətində mədəniyyətin əvəzsiz rolunu önə çıxardaraq, onun təsir gücünü təbliğ edir. “Biz müharibələrə qarşıyıq. Onların baş verməməsi üçün tarixə, adət-ənənələrə hörmətin qorunması istiqamətində çalışırıq. Bu məsələyə 10 ilə yaxındır ki, uğurla həyata keçirilən “Bakı Prosesi”nin gözü ilə baxdıqda görərik ki, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq inkişaf və sabitlik üçün zəruridir”, - deyə Günay Əfəndiyeva bildirdi.

Tədbirdə digər çıxış edənlər də dünyada sülh və təhlükəsizliyin əldə edilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini vurğuladılar. Bildirildi ki, problemlərdən çıxış yolu əməkdaşlıq, mədəniyyətlərarası dialoqdadır. Qoşulmama Hərəkatının əsas prinsiplərindən biri də dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətdir. Münaqişələr həll olunmalı, terrorizmə qarşı mübarizə gücləndirilməlidir.

Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında səmərəli müzakirələrin aparıldığını deyən iştirakçılar yüksək səviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirdilər.

Konfransa yekun vuran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, iki gün ərzində Qoşulmama Hərəkatını maraqlandıran və birgə narahatlıq doğuran mövcud, yeni və meydana çıxmaqda olan məsələlər müzakirə edildi. Biz sürətlə inkişaf edən qlobal vəziyyətlərin yaratdığı böhranın, təhdidlərin və çağırışların dövlətlərin daha çox iqtisadi inkişaf və sosial tərəqqi, sülh və təhlükəsizlik, insan hüquqlarının və qanunun aliliyindən istifadə etməsinə nail olmaq səylərinə əngəl yaratmaqda davam etdiyini bir daha təsdiqlədik. Biz regional və subregional siyasi məsələləri, həmçinin Qoşulmama Hərəkatı ölkələrinin inkişafı, sosial və insan hüquqları məsələlərini müzakirə etdik və müvafiq olaraq Hərəkatın prinsipial mövqelərini vurğuladıq. Biz bir daha təsdiq etdik ki, beynəlxalq münasibətlərin subyektlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşması ciddi narahatlığa və qınağa səbəb olan məsələdir.

Nazir bildirdi ki, konfransda hamı üçün sülh və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, insan hüquqlarının qorunması və təbliği üçün beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmağın vacibliyi vurğulandı. Qoşulmama Hərəkatına daha çox birlik və ardıcıllıq gətirmək məqsədini rəhbər tutan üzv ölkələrin səy və fəaliyyətlərini gücləndirmələri Hərəkatı müxtəlif qlobal məsələlərdə ümumi maraqların təşviq edilməsində, həmçinin inkişaf etməkdə olan ölkələr arasında daha çox qarşılıqlı əlaqələrin yaradılmasında güclü, vahid və dayanıqlı edəcək.

Elmar Məmmədyarov dedi: “Biz əminik ki, Bakı konfransının qlobal və regional məsələlər, eləcə də inkişaf, sosial və insan hüquqları məsələləri ilə bağlı yekun sənədinin maddələri beynəlxalq təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığın stimullaşdırılmasına və Cənub-Cənub istiqamətində iqtisadi inteqrasiyada praktik addımların atılmasına töhfə verəcək. Burada keçirilən görüşümüz və nazirlər konfransının yekununda qəbul etdiyimiz sənəd Hərəkatın prinsip və məqsədlərini qəti şəkildə dəstəkləyir. Hərəkatın növbəti sədri kimi Azərbaycan sizin dəyərli dəstəyinizi nəzərə alır və BMT daxilində Qoşulmama Hərəkatının əsasını təşkil edən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək istiqamətində Hərəkatın işinin gücləndirilməsi naminə sizlərlə birlikdə çalışmaq niyyətindədir. Azərbaycan dünyada beynəlxalq sülh və təhlükəsizlik səviyyəsini artırmaq üçün çox şey edə biləcəyinə əmin olduğumuz Qoşulmama Hərəkatının prinsip və məqsədlərini dəstəkləmək üçün siyasi məsləhətləşmələrin və praktik əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Hərəkat çərçivəsində fəal əməkdaşlığa davam edəcək. Bu xüsusda, biz əminik ki, gücləndirilmiş həmrəyliyimiz 18-ci Qoşulmama Hərəkatı nazirlər konfransında qəbul edilmiş yekun sənəddə də bir daha təsdiqləndiyi kimi, Hərəkatın sülh, sabitlik, inkişaf və tərəqqiyə nail olmaq kimi birgə istəyini birləşdirəcək”.

Sonra Elmar Məmmədyarov və Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Bakı konfransının yekunlarına dair mətbuat konfransı keçirdilər.

https://azertag.az/xeber/Qosulmama_Herekatinin_nazirler_konfransi_basa_chatib_VIDEO-1150451

növbəti xəbər əvvəlki xəbər