2018-04-18
Prezident İlham Əliyev Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Koreya Respublikasının Beynəlxalq Sərgilər Bürosunda nümayəndəsi, səfir Cai-Çul Çoyun başçılıq etdiyi Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlətimizin başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik etdi.

Cai-Çul Çoy qeyd etdi ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirdi ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır. Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdiklərini, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğuladı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Azərbaycanın gənc müstəqil dövlət olduğunu deyən dövlətimizin başçısı qısa müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə də siyasi, iqtisadi və dövlət quruculuğu sahələrində sürətli transformasiya nümayiş etdirməyə nail olduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu illər ərzində görülən işlər göstərir ki, gənc bir dövlət çox uğurla müstəqil yaşaya və çoxlu sayda beynəlxalq tədbirlər təşkil edə bilər. Dövlətimizin başçısı Bakının artıq siyasi, mədəni və idman sahələrində bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğuladı. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə və burada əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi, səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

https://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Beynelxalq_Sergiler_Burosunun_numayende_heyetini_qebul_edib_YENILANIB_VIDEO-1154265

növbəti xəbər əvvəlki xəbər