2018-05-29
Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Fransa Respublikasının xarici işlər naziri Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə olmasından məmnunluğunu bildirən fransalı nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd etdi. Fransa xarici işlər naziri 1918-ci il mayın 28-də bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətinə və xalqına təbriklərini çatdırdı.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən tərəflər əlaqələrin daha da dərinləşdirilməsində yüksəksəviyyəli səfər mübadiləsinin əhəmiyyətini vurğuladılar. Nazirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdilər.

Nazirlər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirərək, Azərbaycan və Fransanın işgüzar dairələri arasında qarşılıqlı şəkildə sərmayə qoyuluşunun təşviqinin və bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar. Həmçinin tərəflər Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakının və birgə istehsalat müəssisələrinin yaradılmasının zəruriliyini qeyd etdilər.

Nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat və infrastruktur layihələri haqqında danışaraq, sözügedən layihələrin reallaşmasının regionda sabitliyə və inkişafa xidmət etdiyini dedi. O, bu layihələrin region ölkələri ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin və insanlar arasında təmasların artmasına xidmət edəcəyinə əminliyini bildirdi.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxundular və Fransanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına göstərdiyi dəstək yüksək qiymətləndirildi.

Nazir Elmar Məmmədyarov bu il mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdüyünü qeyd edərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğal faktına son qoyulmalı olduğunu diqqətə çatdırdı. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən tam, qeyd-şərtsiz və dərhal çıxarmalı və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması təmin edilməlidir. Elmar Məmmədyarov bir daha vurğuladı ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə və qondarma rejimin nümayəndələrinin Avropa İttifaqı ölkələrinin ərazilərinə daxil olması məsələsinə toxunan Elmar Məmmədyarov münaqişənin danışıqlar yolu ilə həlli prosesinin tərkib hissəsi kimi bu kimi qanunsuz əməllərin qarşısının alınmasının vacibliyini diqqətə çəkdi.

Görüş zamanı, həmçinin elm, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə edildi. Azərbaycanda fransız dilinin tədrisi və təşviqi istiqamətində görülən tədbirlər təqdir olundu.

Sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

https://azertag.az/xeber/1166943

növbəti xəbər əvvəlki xəbər