2018-10-18
Bakıda ilk Milli Turizm Sammiti keçirilib VİDEO

Azərbaycan turizm brendi təqdim olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə keçirilən sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edib.

Tədbiri açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Bu gün geniş ictimaiyyətə təqdim olunacaq Azərbaycanın yeni turizm brendi bu qəbildəndir.

“Yeddi ay ərzində dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldaraq bir sıra işlər görmüşük. İşimizi Prezidentin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun qurmuşuq. Son bir neçə ildə ölkə turizmi uğurlu yol keçib. Lakin yeni turizmin imkanlarını geniş auditoriyaya təqdim etmək üçün çox işlər görməliyik. Bizim üçün şəffaflıq əsasdır. Bu gündən ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur. Turizm təhsilinin inkişafı da bizim üçün önəmlidir. Çünki biz turizmin inkişafında təhsilin rolunun vacib olduğunu bilirik. Çalışırıq ki, turizm sahəsində daha dolğun və düzgün statistik göstəricilər əldə edək. Bunun üçün xaricdən ekspertlər də dəvət olunub. Hesab edirəm ki, yeni ölkə brendi ilə birlikdə turizmə baxışımız da xeyli dəyişəcək. Bu sahədə hər bir vətəndaşın mövqeyi bizim üçün önəmlidir. Azərbaycan qonaqpərvər ölkədir. Agentliyimizin üzərində böyük məsuliyyət var. Biz hər kəsi əməkdaşlığa dəvət edirik. Ölkə turizminin inkişafına hər zaman dəstək verdiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk”, - deyə Fuad Nağıyev söyləyib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid “Azərbaycan turizm startegiyası-2023” barədə geniş məlumat verib. O deyib: “Turizm sahəsi bizi birləşdirir. Bu sahə insanların həyatına böyük təsir göstərir. Bu gün biz bir çox yeniliklərlə tanış olacağıq. Bu strategiyanı sizinlə paylaşmaq istəyirəm. Turizmi irəli aparan qüvvə hiss və ilhamdır. İlk dəfə Azərbaycana gələndə ölkənin inkişafının şahidi oldum. Dünyanın hər bir ölkəsi özünü gözəl mənzərələri, təbii sərvətləri, insan resursu, müasir inkişafı ilə tanıtmağa çalışır. Vacibdir ki, bu qlobal rəqabətdə fərqliliyini göstərəsən. Turizm həssas bir sahədir. Bir sıra xidmətləri uzun müddət saxlamaq olmur. Əvvəlcə biz bu sahədə təhsil və keyfiyyətin səviyyəsini artırmalıyıq. Böyük sayda şəbəkələr bu prosesdə iştirak edir. Doqquz sütun əsasında dayanıqlı turizm strategiyası hazırlamışıq. Bunlar təşkilati çərçivə (turizm siyasəti), araşdırma və inkişaf, innovasiya və texnologiya, hüquqi çərçivə və vergilər, infrastruktur inkişafı, dövlət-biznes əməkdaşlığı, turizm təcrübəsi, brend, marketinq və kommunikasiya, turizm strategiyasından ibarətdir. Bu strategiya Azərbaycan turizminin inkişafına çox böyük təkan verəcək və ölkəyə turist axınını sürətləndirəcək. İlin sonunadək Dövlət Turizm Agentliyinin 6 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək”.

Azərbaycanın yeni turizm brendini təqdim edən Turizm Bürosunun brend və marketinq üzrə direktoru Fidan Əliyeva məqsəd və hədəflərdən, regionda turizmin inkişafından söz açıb. Milli təbliğat və reklam məsələləri barədə məlumat verən F.Əliyeva deyib ki, turizm bazarında araşdırma apardıqdan sonra dörd əsas nəticə əldə olunub: “Qeyd edilən nəticələrin tətbiqi bu sahənin dinamikasına müsbət təsir göstərəcək. Brend ölkəmizin turizm potensialını yenidən kəşf etməyə imkan verəcək. Brendin istifadə imkanları olduqca genişdir. Bu, ölkəmizin qonağı olacaq hər bir xarici vətəndaşa Azərbaycanı daha yaxından tanıdacaq”.

Diqqətə çatdırılıb ki, yeni brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə ərsəyə gəlib. Birend bütövlükdə Azərbaycan xalqına məxsus ən yüksək dəyərləri özündə ehtiva edir. Brendin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüardır. Azərbaycanın yeni turizm loqosu olan “a” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. Azərbaycanın yeni turizm brendinin “Yenidən fərqli baxışla bax” (Take another look) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür. Brend dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir. Brendin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibi ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses beş ay davam edib.

Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsini icra edən Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov çıxış edərək təmsil etdikləri qurumların gördüyü işlərdən, gələcək fəaliyyət planlarından danışıblar.

Sammit çərçivəsində yeni yaradılmış Azərbaycan Dövlət Turizm Agentliyinin və Turizm Bürosunun strukturu da təqdim edilib.

Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabrında Londonda keçiriləcək Dünya Səyahət Bazarı (London WTM) sərgisində reallaşacaq.

https://azertag.az/xeber/Bakida_ilk_Milli_Turizm_Sammiti_kechirilib__YENILANIB-1205590

növbəti xəbər əvvəlki xəbər