2018-10-25
Səfir: Azərbaycanla Fransa arasında əlaqələrin genişləndirilməsində böyük imkanlar var

Azərbaycan-Fransa əlaqələri uzun tarixə malikdir. Hələ 100 il bundan əvvəl ilk Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri Paris Sülh konfransına gəliblər.

Bu gün ikitərəfli əlaqələrimiz yüksək səviyyədədir. Bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Rodez şəhərinin meri Kristian Teysedr ilə görüşündə söyləyib.

Səfir iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində mövcud əlaqələrdən danışıb. Bakıda Fransız liseyi və Fransa-Azərbaycan Universitetinin fəaliyyət göstərdiyini bildirib. İki qitəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və burada yaradılan azad ticarət zonası haqqında ətraflı məlumat verib. Ölkəmizdə ticarət əlaqələrinin genişləndirilməsi üçün münbit şəraitin yaradıldığını vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söhbət açaraq, bu münaqişənin regionda sülh və sabitliklə bərabər iqtisadi inkişafa da mane olduğunu söyləyib.

Mer Kristian Teysedr bildirib ki, Rodez iqtisadi baxımdan Okssitan regionunun ən çox inkişaf edən şəhəridir. Rodezdə kənd təsərrüfatı, aqro-ərzaq sektorlarının yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşdə muzey, təhsil, mədəniyyət, gənclər, idman sahələrində mümkün əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, kənd təsərrüfatında tətbiq olunan innovasiyalar daha çox maraq kəsb edir.

K.Teysedr Azərbaycan şəhərlərinin biri ilə qardaşlaşmaq niyyətini bildirib.

https://azertag.az/xeber/Sefir_Azerbaycanla_Fransa_arasinda_elaqelerin_genislendirilmesinde_boyuk_imkanlar_var-1207896

növbəti xəbər əvvəlki xəbər