2018-11-05
Azərbaycan Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransına ev sahibliyi edib

Noyabrın 5-də Bakıda Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak üçün Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki, Fələstin xarici işlər nazirinin Asiya, Afrika və Avstraliya məsələləri üzrə müavini Mazen Şamiyah, Fələstin Milli Fondunun rəhbəri-nazir Mouin Elias Yousef Khouri, Fələstinin Asiya ölkələrində akkreditə olmuş 27 səfiri, Fələstin Xarici İşlər Nazirliyinin diplomatları ölkəmizə səfər ediblər.

Konfransın açılışında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Fələstin tərəfinin müraciəti əsasında Fələstinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibi qismində çıxış etməkdən məmnun olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Fələstin xalqının sülh, sabitlik və dayanıqlı inkişafa nail olmaq yolunda mübarizəsini davamlı şəkildə dəstəkləyir. Nazir E.Məmmədyarov Azərbaycanın Fələstin məsələsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəklədiyni ifadə edib.

Nazir ölkəmizin Fələstinlə bağlı bir sıra beynəlxalq tədbirlərə, o cümlədən keçən il BMT-nin Fələstin xalqının Ayrılmaz Hüquqlarının tətbiqi üzrə Komitəsinin, humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisinin, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və digər QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qüds məsələsi üzrə beynəlxalq konfransa ev sahibliyi etdiyini diqqətə çatdırıb. Habelə Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman onun yanında olduğu və İslam həmrəyliyinə sadiq qaldığını deyən nazir ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə Azərbaycanın cari ilin oktyabr ayında 200 min ABŞ dolları məbləğində yardım etdiyini bildirib.

Nazir Elmar Məmmədyarov tədbir iştirakçılarına Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və onun nəticələri barədə məlumat verib, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması ilə əlaqədar dörd qətnaməsinin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov tərəfindən, həmçinin tədbir iştirakçılarına Azərbaycanın İƏT çərçivəsində fəaliyyəti, ölkəmizin İslam həmrəyliyinə verdiyi mühüm töhfə və bu xüsusda irəli sürülən təşəbbüslər və təşkil olunan tədbirlər haqqında məlumat verib.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin xalqının sülh uğrunda mübarizəsində göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. O bildirib ki, Bakının Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına ev sahibliyi etməsi bu dəstəyin növbəti bariz nümunəsidir.

https://azertag.az/xeber/Azerbaycan_Felestin_Dovletinin_Asiya_olkelerindeki_sefirlerinin_konfransina_ev_sahibliyi_edib-1211499

növbəti xəbər əvvəlki xəbər