2018-12-17
Fransız deputat: “Azərbaycanlılar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar” - MÜSAHİBƏ

Paris. 17 dekabr. REPORT.AZ/ Fransa Milli Assambleyasının (Parlament) Xarici İşlər üzrə Komissiyasının və Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, deputat Jerom Lamberin “Report“un Qərbi Avropa bürosuna müsahibəsi.

- Necə oldu ki, Fransa-Azərbaycan dostluq qrupuna üzv olmaq qərarına gəldiniz?

- İlk dəfə Azərbaycana 15 il bundan əvvəl Dünya Bankının xətti ilə səfər etmişəm. Məndə ilk öncə Azərbaycana maraq oyadan onun geo-siyasi mövqeyi və bu zəmində Fransa ilə mümkün əməkdaşlıq perspektivləri olub. O zamanlar dostluq qrupunun rəhbəri olan, həmkarım Jan-Fransua Manselin iş qabiliyyətinə bələd idim. Onunla eyni partiyadan seçilməsək də, siyasi baxışlarımızda olan kəskin fərqlərə ramən bu qrupa üzv oldum. Çünki, qrupun başında işqüzar birinin olması fəaliyyətinin aktiv olmasını vəd edirdi və məni fəaliyyəti vərəq üzərində qalan qruplar maraqlandırmırdı.

Bundan əlavə Ermənistan ilə münaqişə ucbatından bura problemli zona hesab edilə bilərdi və bu səbərdən də diqqətimi cəlb etmişdi. Daha bir səbəb də mənim keçmiş sovet respublikaları ilə bir qayda olaraq yaxından maraqlanmağım idi. Bu regionda Sovet İttifaqı dağıldıqdan sonra yeni məsələlər baş qaldırırdı, yeni əlaqələr qurulurdu ki, bu gün, Ukraynanın simasında bunların hələ də davam etdiyini görürük.

- Bu yaxınlarda Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşləriniz olub. Ordan hansı təəssüratlarla qayıtmısınız?

- Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşlər keçirdik. Bu insanlar Ermənistanın işğalı nəticəsində öz torpaqlarından qovulublar. Onlar öz dədə-baba yurdlarına qayıtmaq arzusundadırlar. Onlar bunu bütün varlıqları ilə arzulayırlar və bu da təbiidir. Məqsədimiz yerində aktual vəziyyəti öyrənmək idi. Adama uzaqdan elə gələ bilər ki, üstündən 25 il keçib və hər şey unudulub gedib, onlar vəziyyətləri ilə barışıblar. Lakin bu heç də belə deyil. Onların əksəriyyətinin yeganə arzusu geri, Qarabağa dönməkdir. Bu səfər mənə bu reallığı anlamağa imkan verdi. Rast gəldiyimiz məcburi köçkünlər arasında düşərgədə yaşayanlar, səfil həyat sürənlər olmasa da çətin vəziyyətdə yaşayanlar da, nisbətən rahat həyat tərzi olanlarına da rast gəldik. Bu insanları görmək çox təəssirli idi.

- Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Dağlıq Qarabağ münaqişəsi bu günədək öz həllini tapmayıb. Sizcə buna səbəb nədir?

- Minsk qrupu Azərbaycan və Ermənistanı - bir araya gətirib görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına şərait yaradılması baxımdan maraqlıdır. Lakin münaqişəni başqası həll etməyəcək. Nə Almaniya, nə Fransa, nə də Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağı azad etmək üçün əsgərlərini ora göndərməyəcək. Münaqişənin həlli yalnız siyasi razılıq əsasında mümkündür. Lakin mən görürəm ki, bu məsələ ilişib və buna səbəb Ermənistanın bu məsələdə əməkdaşlıq etməkdən yayınmasıdır. Bu bir faktdır. Təəssüf ki, bu münaqişə çox uzanıb və bundan da artıq uzanması əsl münaqişənin baş verməsinə olan riski artırır. Mən sonunda “Ermənistan tərpənmək istəmir, bu formada danışıqlar mümkün deyil“ deyərək danışıqları davam etdirmək istəməzsə, Azərbaycanı başa düşərəm. Dağlıq Qarabağı tərk etməsi üçün Azərbaycan Ermənistana təzyiqlər göstərə bilər. Lakin aktual vəziyyətdə təzyiqlər müsbət nəticələr verməyəcək. Zəif ölkəyə təzyiqlər etməklə bu ölkəni bir-birinə daha da yaxınlaşdırmaq mümkündür. Ermənistanın çoxlu çətinlikləri var. Orda siyasi dəyişikliklər, hətta bir az zorakılıq da baş verir. “Bu onların günahıdır“ deyərək Ermənistan hökuməti bu təsirlərdən xalqa problemləri unutdurmaq üçün yararlana bilər. Millətçilik çox zaman çətinliklərin nəticə olaraq baş qaldırır. Əgər Ermənistan da Azərbaycan kimi çiçəklənən ölkə olsa idi deyərdim ki, siz bir-birinizi əvvəl-axır başa düşəcəksiniz, çünki, sizin ortaq maraqlarınız var. Tarixiniz, mədəniyyətiniz kəsişsə idi, bir gün eyni icmaya məxsus ola bilərdiniz: hərə öz ölkəsində, lakin ortaq maraqla. Lakin bu gün bu məsələ mürəkkəb forma daşıyır. O ki, qaldı beynəlxalq təzyiqlərə, mən bu günədək, istər böyük, istərsə də kiçik dövlətlə münasibətə olsun, bu yolla həll olunan bir münaqişə tanımıram.

- Fransa şəhərləri ilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın şəhərləri arasında imzalanan "dostluq xartiya"ları barədə nə düşünürsünüz?

- Fransada yerli idarəetmələr istədiklərini etmək qədər azadlığa malikdirlər. Bunlar Fransa siyasətinin istəyinə uyğun həyata keçirililməsə də onları qadağan da etmək müşküldür, hətta deyərdim qeyri-mümkündür. Belə "dostluq xartiya" larından çox imzalanmayıb, hətta cəmi üst-üstə bir neçə dənədir. Qanunda bir boşluq olduğu üçün onların imzalanmasını qadağan edə bilmirik. Lakin şəhərlər arasında qardaşlaşmanın departament rəhbərlərininin icazəsi ilə həyata keçirildiyi üçün qarşısını almaq mümkün olub.

- Azərbaycan və Fransa parlamentləri arasında hazırkı münasibətləri necə qiymətləndirirsiniz?

- Dostluq Qrupunun rəhbəri Azərbaycanın hazırkı vitse-prezidenti, xanım Mehriban Əliyeva olduğu dövrlərdə parlamentlərərimiz arasında əlaqələrimiz daha yaxşı inkişaf edirdi. Bu Fransadakı bundan əvvəlki hökumətin dövrünə təsadüf edir. Bu müddət ərzində bir neçə dəfə Azərbaycanlı deputatları qəbul etmişik, bir sıra birgə fəaliyyətimiz olub. Mehriban Əliyeva qrupun rəhbərliyini tərk etdikdən və bizim tərəfimizdən də 18 aydan bundan qabaq rəhbər dəyişikliyi olduqdan sonra Azərbaycan-Fransa dostluq qrupunun fəaliyyəti zəifləyib. Əvvəllər il ərzində digər fəaliyyətlərlə yanaşı 3-4 iclas keçirildiyi halda, indi 18 ay müddətində yalnız bir, o da təsis iclası keçirilib. Fəaliyyətin aktiv olub - olmaması birbaşa rəhbərdən asılı olan məsələdir.

- Ölkələrimiz arasında ikitərəfli münasibətlərin bugünkü inkişafı barədə nə düşünürsünüz?

Məndə elə təəssürat var ki, Azərbaycan Fransanın beynəlxalq siyasətinin radarına daxil deyil: hər halda ön planda deyil. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böhran vəziyyətlə yaxından maraqlanır. Bundan əlavə Fransanın Azərbaycan ilə ticarət maraqları da var. Amma bu iki məsələdən başqa, hesab edirəm ki, Azərbaycan ilə Fransa arasında strateji əlaqələr mövcuddur deyil və bu məni çox məyus edir. Ölkələrimiz arasındakı münasibətlərimiz pis deyil, sadəcə hələlik kifayət qədər deyil. Halbuki, Fransa ilə Azərbaycan arasında inkişaf etdirilməsi sahələr çoxdur. Şərqə yaxın, İranla sərhəddə gərginliyin hələ də mövcud olduğu bir regionda Azərbaycan Fransa üçün çox maraqlı bir tərəfdaşa çevrilə bilər. Azərbaycan müsəlman ölkəsidir, lakin özünəməxsus xüsusiyyətləri var, din inkişaf edib. Biz Azərbaycanla yalnız dünyanın bu regionuna deyil, dünyanın digər bölgələrinə dair dialoq yarada bilərik.

- Dediniz ki, Azərbaycan müsəlman ölkəsidir, lakin özünəməxsusluğu var. Bununla nə demək istəyirdiz?

- Yəni Azərbaycanda digər dinə qulluq edən insanların öz dinlərini həyata keçirmələrinə maneələr yoxdur. Azərbaycanda dini tolerantlıq var. Hər kəs öz dininə inanır, lakin fanatizm yox, dünyəvilik mövcuddur. Biz Fransada da bu formada yaşayırıq: hər kəs öz dininə inanır. Lakin ictimai yerlərdə - küçələrdə, meydanlarda - dinlərin əlamətlərinə rast gəlinmir. Hərə öz inamını öz ürəyində gəzdirir.

- Hansı sahələrdə Fransa və Azərbaycan arasında əməkdaşlıq perspektivləri daha xeyirli ola bilər?

- İlk öncə geo-siyasi əlaqələr qurmalıyıq. Bundan sonra deyərdim ki, dini və digər baxımdan maraq kəsb edən mədəniyyət əlaqələrini inkişaf etdirməliyik. Mənim fikrimcə Azərbaycan təkcə Fransa üçün deyil, bütün Avropa üçün dünyanın bu hissəsində maraqlı tərəfdaşa çevrilə bilər. Azərbaycan torpağında keçmişdə çox hadisələr baş verib. Hesab edirəm ki, Azərbaycan möhkəm tərəfdaş ola bilər.

https://report.az/siyasi-xeberler/xarici-siyaset/fransiz-deputat-azerbaycanlilar-ermenistanin-isgali-neticesinde-oz-torpaqlarindan-qovulublar-musahi-be/

növbəti xəbər əvvəlki xəbər