2019-01-14
Parisdə Azərbaycan muğam triosunun konserti olub

Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan muğam triosunun konserti olub.

AZƏRTAC xəbər verir ki, Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən dirçələrək beynəlxalq aləmdə öz yerini tutmuş muğamımız fransız musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, muğam ifaçılarımız Paris “Theatre de la Ville” teatrının musiqi məsləhətçisi Südabə Kianın dəvəti ilə əvvəllər Fransada keçirilən musiqi festivallarında iştirak ediblər. O, Azərbaycan muğam ifaçılarını teatrın proqramına daxil edərək, muğam ustalarımızın konsertlərini təşkil edir. Alim Qasımov, Nəzakət Teymurova, Arzu Əliyeva, Ehtiram Hüseynov kimi muğam ifaçılarımızın adları Fransa musiqisevərlərinin yaddaşına əbədi həkk olunub.

Konsertdən sonra fransız musiqisevərlər təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.

Marie-France Leger: “Xanəndə fövqəladə idi. Çox gözəl ifası ilə dinləyiciləri başqa, mistik bir aləmə apardı. Mən Bordodan gəlmişəm. Muğamı çox sevdim, o, insanı ovsunlayan ritmik bir musiqidir. İlk dəfədir muğam konsertində olurdum. Romantik bir mühit vardı”.

Annie Karo: “Mən buna gözəllik deyərdim. İfaçı və musiqiçilər arasında xüsusi bir harmoniya var idi. Gənc xanəndə məlahətli səsi ilə dinləyiciləri hipnoz etmişdi. Konsertdən xüsusi zövq aldım. Dostlarımla gəlmişəm. Onlar da heyranlıqlarını bildirirdilər”.

Alen Xeyripur: “Azərbaycan muğamının qəlbimizdə xüsusi yeri var. Muğam ecazkar musiqidir, improvizasiyaya əsaslanır. Bu da muğam ifaçısından xüsusi istedad tələb edir. Kamilə Nəbiyevanı yaxşı tanıyıram. Çox məlahətli səsi var. Amma konsertdə ifaçının təkcə səsi deyil, jestləri və mimikaları da böyük rol oynayır. O, çox yaxşı muğam ifaçısıdır. Musiqiçilər də xanəndənin səsi ilə çox ustalıqla harmoniya yaradırdılar. Çox gözəl konsert oldu”. 

https://azertag.az/xeber/1232980

növbəti xəbər əvvəlki xəbər