2019-01-20
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirlik, daimi nümayəndəliyin əməkdaşları, eləcə də bu ölkədəki diaspor üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət ediblər.

Müstəqilliyimizin ilk nümayəndələrinin qəbirləri üzərinə əklil qoyulub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Qanlı Yanvarın ildönümündə cümhuriyyət qurucularının qəbirlərinin ziyarət edilməsinin rəmzi məna daşıdığını bildirib. Qeyd edib ki, 20 Yanvar qəhrəmanları 100 il öncə əsası qoyulan müstəqilliyimizi bərpa etmək uğrunda həlak olublar.

Səfir 20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsində, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov 20 Yanvar hadisələrinin qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb. Bildirib ki, 29 il əvvəl - Qanlı Yanvar günü tanklar, ağır artilleriya Azərbaycan xalqının iradəsini, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, daha da alovlandırdı. Yanvar şəhidlərimiz bir daha göstərdilər ki, xalqımız ata-babalarımızın müstəqillik ruhunu davam etdirirlər.

Qeyd edilib ki, 20 Yanvar şəhidləri suverenlik naminə qəhrəmanlığımızın rəmzi kimi yaddaşlarda həkk olub. Ulu öndər Heydər Əliyev həmişə müstəqilliyimizin əbədi olmasını vurğulayıb. Azərbaycan diplomatları bu müstəqilliyin əbədi olması üçün əlindən gələni əsirgəməyəcək.

https://azertag.az/xeber/1235798

növbəti xəbər əvvəlki xəbər