2019-02-21
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir

Fevralın 21-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 ili tamam olur. Komissiyanın sədri, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bununla əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab nazir, məlum olduğu kimi, siz UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədrisiniz. Bu il Milli Komissiyanın yaradılmasının 25 ili tamam olur. Milli Komissiyanın yaranmasının tarixçəsi, əsas fəaliyyət istiqamətləri, UNESCO ilə uğurlu əməkdaşlıq və gələcək planlar barədə məlumat verməyinizi xahiş edirik.

- UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası 1994-cü il fevralın 21-də ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb. Həmin Sərəncamla Milli Komissiya Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. 2005-ci il sentyabrın 15-dən isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir.

Dövlətimizin başçısının 2018-ci il 29 avqust tarixli Sərəncamı ilə Milli Komissiyanın yeni tərkibi təsdiq olundu. Hazırda Komissiyanın 17 üzvü var. Milli Komissiyanın iclaslarında Komissiyanın cari fəaliyyəti və gələcək planları ətrafında fikir mübadiləsi aparılır. Milli Komissiyanın gündəlik fəaliyyəti Komissiyanın Daimi Katibliyi tərəfindən həyata keçirilir.

Milli Komissiya aidiyyəti nazirliklərin, dövlət və ictimai təşkilatların UNESCO ilə elm, təhsil, mədəniyyət, informasiya və kommunikasiya sahələrində əməkdaşlığın həyata keçirilməsində əlaqələndirici rol oynayır, UNESCO-nun proqram və tədbirlərinin hazırlanmasında və reallaşdırılmasında Azərbaycan Respublikasının fəal iştirakını təmin edir, bu təşkilata üzv ölkələrin Milli komissiyaları ilə əlaqələri inkişaf etdirir və ölkəmizin mənafeyinə xidmət edən müştərək proqramlarda və tədqiqat işlərində iştirak edir. Milli Komissiya yerli qurumların müvafiq layihələrinin həyata keçirilməsinə dəstək verir, bundan əlavə, xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə birgə tədbirlər həyata keçirir.

Bu il Milli Komissiyanın yaradılmasının 25 ilinin tamam olmasını nəzərə alaraq, ölkə daxilində və xaricində, o cümlədən UNESCO-nun baş qərargahında bir sıra tədbirlərin keçirilməsini planlaşdırırıq.

Vurğulamaq istərdim ki, Azərbaycan Respublikası UNESCO dəyərləri və prinsiplərinə sadiqdir və bu, UNESCO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqlənir.

Azərbaycan-UNESCO əlaqələrinin təməlinin qoyulmasında ümummilli liderimiz Heydər Əliyevin böyük rolu olub. Hələ sovet dövründə Ulu Öndər UNESCO-nun Azərbaycan ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak edib.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci il iyunun 3-də UNESCO-ya üzv oldu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ilin dekabrında UNESCO-nun baş direktoru Federiko Mayorla keçirdiyi görüş UNESCO ilə uğurlu əməkdaşlıq münasibətlərinin inkişafına təkan verib.

Hazırda Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizlə UNESCO arasında əlaqələrin inkişafında və genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Xanım Mehriban Əliyevanın himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, gender bərabərliyi, təhsilin inkişafı və digər sahələrdə əhəmiyyətli layihələr həyata keçirilib. Məhz xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın 2 maddi və 13 qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alıb.

- Ölkəmiz UNESKO ilə əməkdaşlıq münasibətləri çərçivəsində bir sıra layihələri maliyyələşdirir. Bununla əlaqədar nə deyə bilərsiniz?

- Bu əlaqələrə misal olaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2013-cü ildə imzalanmış, UNESCO-Azərbaycan əməkdaşlığının genişlənməsində xüsusi rol oynayan “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”ni göstərmək olar. Sazişə uyğun olaraq, Azərbaycan hökuməti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına UNESCO-nun xətti ilə bir sıra Afrika ölkələrində (Uqanda, Keniya, Tanzaniya və Liberiyada) qızların təhsili, maarifləndirilməsi, gender bərabərliyi, Banqladeş və Qvatemalada davamlı inkişaf üzrə qeyri-maddi mədəni irsin qorunması ilə bağlı layihələr həyata keçirilib. Bu, heç şübhəsiz ki, beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artmasına xidmət edir və Azərbaycanın yeni keyfiyyətdə - donor dövləti qismində UNESCO çərçivəsində müsbət imicinin daha da möhkəmlənməsinə imkan yaradır.

- Təşkilatla əməkdaşlıq çərçivəsində son uğurlar barədə qısa məlumat verə bilərsinizmi?

- 2018-ci il UNESCO çərçivəsində ölkəmizin bir sıra nəzərəçarpan uğurları ilə yadda qaldı. Ötən il iyunun 24-dən iyulun 4-dək Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası çərçivəsində Komitənin növbəti sessiyasının 2019-cu ildə Bakıda keçirilməsinə dair qərar qəbul edildi və ölkəmiz Komitənin sədri seçildi. Qeyd etmək istərdim ki, Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Ümumdünya İrs Komitəsi tərəfindən dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edilir.

Ölkəmizin əldə etdiyi digər bir uğur 2018-ci ilin iyununda UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilməyimiz oldu. Kəskin rəqabət şəraitində ölkəmizin apardığı geniş təbliğat-təşviqat kampaniyası nəticəsində Azərbaycan 90 səslə 7 namizəd arasında ən çox səs yığaraq Komitədə iki vakant yerdən birinə üzv seçildi. Bu, heç şübhəsiz ki, ölkəmizin böyük nailiyyətidir və Azərbaycanın beynəlxalq arenada, o cümlədən UNESCO-dakı nüfuzunun göstəricisidir.

Bu Komitə dünya xalqlarının qeyri-maddi mədəni irsinin mühafizəsi, irs nümunələrinin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahılarına daxil edilməsi ilə bağlı qərarların qəbul olunduğu qurumdur.

Bundan əlavə, bildirmək istərdim ki, 2018-ci il noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən - ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabat qəbul olundu. Eyni zamanda “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyası Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.

- Ötən il “Bakı Prosesi”nin 10 ili tamam oldu. Bu proses çərçivəsində Azərbaycan ilə UNESCO arasında həyata keçirilən əməkdaşlıqla əlaqədar fikirlərinizi bilmək istərdik.

- 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin 10 ili tamam oldu. Bu əlamətdar hadisə il ərzində milli və beynəlxalq səviyyədə qeyd edildi.

“Bakı Prosesi” çərçivəsində keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biri də məhz UNESCO-dur. Forum qısa müddət ərzində mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platformaya çevrilib. Bu forum çərçivəsində UNESCO-nun müxtəlif tədbirləri təşkil olunur. Vurğulanmalıdır ki, UNESCO-nun baş direktoru BMT-yə təqdim etdiyi illik hesabatda “Bakı Prosesi”nin əhəmiyyətini və mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu xüsusi qeyd edir. Ötən il oktyabrın 25-26-da təşkil olunan VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi”nin 10 illiyinə həsr edilən plenar sessiya uğurla keçirildi. Qeyd olunanlar Azərbaycanın UNESCO üçün mədəniyyətlərarası dialoqun təşviqində çox dəyərli tərəfdaş olduğunu sübut edir.

- Məlumdur ki, Ermənistanın yeritdiyi işğal siyasəti nəticəsində zəbt olunmuş ərazilərimizdə mədəni sərvətlərimiz dağıdılıb. Ermənistan tərəfi Azərbaycanın mədəni irs nümunələrinin mənimsənilməsi istiqamətində cəhdlərini davam etdirir. Bu məsələ ilə bağlı UNESCO çərçivəsində həyata keçirilən fəaliyyət barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz məsələlər Milli Komissiyanın fəaliyyətində əsas prioritet kimi daim diqqət mərkəzindədir. Azərbaycanın işğal olunmuş ərazilərində mədəni sərvətlərin dağıdılması məsələsi UNESCO rəsmiləri ilə müxtəlif səviyyələrdə keçirilən ikitərəfli görüşlərdə mütəmadi olaraq qaldırılır. Ermənistan tərəfindən Azərbaycan mədəni irs nümunələrinin mənimsənilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınır.

Milli sərvətlərimizin dağıdılması məsələsi, həmçinin UNESCO-nun aidiyyəti Komitə iclaslarında və digər beynəlxalq tədbirlərdə gündəmə gətirilir. Çıxışlar zamanı ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin vəhşicəsinə dağıdılması vurğulanır və bunun qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinə çağırış edilir.

Bir az əvvəl qeyd etdiyim kimi, ötən il noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçirildi. Sessiya zamanı 2013-cü ildə UNESCO-nun siyahısına daxil edilmiş “Çövkən - ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı Azərbaycan tərəfinin təqdim etdiyi milli hesabat qəbul olunub. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğalı faktı və işğalın Azərbaycanın irsi üçün yaratdığı fəsadlar əks olunub.

Bundan əlavə, sessiya çərçivəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyasının müzakirələri zamanı Ermənistan tərəfi Komitədəki üzvlüyündən sui-istifadə edərək ölkəmizə qarşı çirkin kampaniya aparır, xalqımızın mədəni irsinin mənimsənilməsi iddiaları ilə çıxış edir, Komitənin işini siyasiləşdirir və aqressiv davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirirdi. Buna baxmayaraq, Azərbaycan tərəfindən aparılmış iş nəticəsində erməni tərəfinin təhrikçi cəhdləri iflasa uğradı, adıçəkilən nominasiyamız UNESCO-nun siyahısına daxil edildi.

Vurğulamaq istərdim ki, Azərbaycan artıq dörd çoxmillətli nominasiyanın (“Novruz bayramı”, “Lavaş”, “Kamança”, “Dədə Qorqud”) UNESCO siyahısına daxil edilməsinə nail olub. Regional əməkdaşlıqdan bəhs edən Ermənistanın heç bir çoxmillətli nominasiyası yoxdur. Bu, bir tərəfdən, Ermənistanın mədəni sahədə də regionda təcrid olunduğunun, digər tərəfdən isə, ölkəmizin UNESCO çərçivəsində regional əməkdaşlıqda əldə etdiyi uğurların göstəricisidir.

Ölkəmizin UNESCO çərçivəsində həyata keçirdiyi bu fəaliyyət, heç şübhəsiz ki, xalqımızın zəngin və çoxəsrlik milli irsinin mühafizəsinə və beynəlxalq səviyyədə təbliğinə xidmət edir. Erməni yalanlarının ifşa olunması, ermənilərin iddialarına son qoyulması istiqamətində səylər davam etdiriləcək.

https://azertag.az/xeber/Elmar_Memmedyarov_Azerbaycan_Respublikasi_UNESCO_nun_deyerlerine_ve_prinsiplerine_sadiqdir-1249047

növbəti xəbər əvvəlki xəbər