2019-06-10
Respublika Günü və Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə Vatikanda rəsmi qəbul təşkil edilib VİDEO

Azərbaycanın Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü və Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan rəsmi qəbul keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişafından, son illərdə uğurla həyata keçirilən birgə tədbirlərdən, Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi və mədəni irsin qorunmasına yönəlmiş layihələrdən danışıb.

İtaliyada gənc ifaçıların “XXI əsrin incəsənəti” müsabiqəsinin iki nominasiya (kamera ansamblı və fortepiano solo) üzrə qalibi, III Stokholm Beynəlxalq Müsabiqəsi laureatı, Fuad İsmayılovun xatirəsinə yaradılan “Gələcəyə doğru” Xeyriyyə Fondunun dəstəyi ilə Yozef Haydn Konservatoriyasını (Avstriya) və Bratislava Musiqi və İfaçılıq Sənəti Universitetini (Slovakiya) fərqlənmə diplomu ilə bitirmiş, hazırda Romada Müqəddəs Çeçilia Milli Akademiyasında Benedetto Luponun sinfində ustad dərsləri alan istedadlı gənc pianoçu Müşfiq Quliyev “Sarı gəlin”, “Küçələrə su səpmişəm”, “Laçın” xalq mahnılarını, eləcə də Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Vaqif Mustafazadə, Emin Sabitoğlunun əsərlərini səsləndirib. Azərbaycan musiqisi qonaqlarda böyük təəssürat doğurub.

https://azertag.az/xeber/Respublika_Gunu_ve_Azerbaycan_diplomatiyasinin_100_illiyi_munasibetile_Vatikanda_resmi_qebul_teskil_edilib_VIDEO-1289012

növbəti xəbər əvvəlki xəbər