2011-09-27
"Fransa ilə əlaqələrin davamlı surətdə dərinləşdirilməsində maraqlıyıq" Agence d'informations Azadinform

“Fransa ilə əlaqələrin davamlı surətdə dərinləşdirilməsində maraqlıyıq”

Elçin Əmirbəyov: “Azərbaycan iqtisadiyyatına maraq göstərən fransız şirkətlərinin əksəriyyətini qeyri-neft sektoruna aid etmək olar”

 

Elcan Salmanqızı/AZADİNFORM. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov “Azadinform”un suallarını cavablandırıb.

 

- Azərbaycanla Fransa arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?


- Bu gün Azərbaycan və Fransa arasındakı əlaqələr sürətlə inkişaf etməkdədir. Siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə son dövrlər əldə edilmiş nailiyyətlər qənaətbəxşdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa İttifaqının aparıcı dövləti olaraq beynəlxalq səhnədə mühüm çəkiyə malik Fransa ilə əlaqələrinin  davamlı surətdə dərinləşdirilməsində maraqlıdır. Bu marağı şərtləndirən digər bir vacib məqam Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri qismində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə həyata keçirdiyi vasitəçilik fəaliyyətidir. İki ölkə arasında güclü dayaqlara söykənən siyasi dialoq bərqərar olub. Azərbaycan Prezidentinin son illər ərzində Fransaya etdiyi dörd rəsmi səfər Azərbaycanın öz xarici siyasətində Fransaya verdiyi önəmin göstərici olmaqla yanaşı, əlaqələrimizin davamlı surətdə inkişafı üçün zəruri olan təkanı təmin edib. Hal-hazırda Fransa rəsmilərinin Azərbaycana səfərləri fransız tərəfi ilə nəzərdən keçirdiyimiz məsələlər sırasındadır. İkitərəfli əlaqələrin hüquqi bazasının gücləndirilməsinə xidmət edəcək bir neçə vacib sənəd üzərində aparılan iş yekun mərhələyə qədəm qoyub. İqtisadi və mədəni sahələrdə də son zamanlar artıq əhəmiyyətli canlanma hiss edilməkdədir ki, bu da ölkələrimizi və xalqlarımızı həm ikitərəfli müstəvidə, həm də Avropaya inteqrasiya kontekstində daha da yaxınlaşdıran amil kimi çıxış edir. 


- İki ölkə arasındakı iqtisadi əlaqələrin potensialı yetərincə istifadə olunurmu ?


- Bildiyiniz kimi, dünyanın və Avropa İttifaqının aparıcı ölkələrindən və inkişaf etmiş iqtisadiyyatlarından biri olan Fransa informasiya və kommunikasiya texnologiyaları, xüsusilə də peyk sənayesi, rəqəmli iqtisadiyyat, rəqəmli innovasiya, habelə, kənd təsərrüfatı, turizm, alternativ enerji, nəqliyyat, o cümlədən nəqliyyat infrastrukturunun tikintisi, həmçinin sənayenin müxtəlif sahələrində qabaqcıl ölkələrdən biri hesab edilir. Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur və bu səbəbdən də iqtisadi əlaqələrin hazırkı vəziyyəti bu imkanların tam istifadə edilməsi baxımından qənaətbəxş hesab edilə bilməz. Bunun üçün də hər iki ölkənin səfirliklərinin iqtisadi bölmələri sıx əməkdaşlıq əlaqəsində fəaliyyət göstərərək iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərini birləşdirirlər. Hesab edirəm ki, həm ticarət, həm də investisiyalar sahələrində, hər iki ölkənin iş adamları Azərbaycan və Fransa iqtisadiyyatlarında investisiya layihələrində iştirak edə bilər, birgə layihələr reallaşdıra və regionun digər bazarlarına birgə çıxa bilərlər. Qlobal iqtisadi böhrandan sonrakı dövrdə Fransız iş adamları xarici ölkələrə investisiya qoymağa elə də meyilli deyillər və bu səbəbdən biz fransız iş adamlarına öz texnologiyalarını və "know how"-larını Azərbaycana gətirərək, Azərbaycanın yerli iş adamları ilə birgə layihələr həyata keçirməyə təklif edirik. Təbii ki, Azərbaycanın iqtisadi prioritetlərinə uyğun olaraq fransız iş adamları özləri də belə layihələri reallaşdıra bilər. Digər tərəfdən isə Azərbaycanda sahibkarlığın sürətlə inkişaf etdiyini və iş adamlarımızın xarici ölkələrə investisiya qoyduqlarını nəzərə alaraq, Azərbaycan iş adamlarının da Fransa iqtisadiyyatına investisiya qoymaları və Fransada biznes qurmaları iqtisadi əlaqələrimizin inkişafına öz töhfəsini verə bilər. 
Bu il biz Azərbaycan-Fransa İkitərəfli İqtisadi Komissiyanın növbəti 6-cı iclasını keçirəcəyik və bir neçə həftə bundan əvvəl Parisdə Azərbaycan-Fransa Biznes Şurasının əsası qoyuldu. Bu Şuranın məqsədi Azərbaycan və Fransa şirkətlərini bir araya gətirərək onların biznes əməkdaşlığının inkişaf etdirilməsindən ibarətdir. Cari ilin sentyabr ayında qeyd etdiyim Biznes Şuranın ilk iclasının Parisdə keçirilməsi və Azərbaycan-Fransa Biznes Forumunun təşkil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, cari ilin 7 iyun tarixində iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində Parisdə hər iki ölkənin nazirləri və biznes nümayəndələrinin iştirakı ilə ilk Biznes Dəyirmi masa təşkil edildi. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi ilə birgə fransız jurnalistlərinin Azərbaycana press-turu da təşkil edilib və Fransa kütləvi informasiya nümayəndələri Bakıda və regionlarımızda Azərbaycanın turizm potensialı ilə tanış olublar. 
Hökumətimizin regionların sosial-iqtisadi inkişafı üzrə strategiyasına uyğun olaraq səfirliyimiz Azərbaycanla Fransanın regionları arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb, bu istiqamətdə konkret addımlar atmaqdadır. Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycan və Fransa dövlət başçıları, nazirləri və digər yüksək vəzifəli məmurları müxtəlif əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalayıblar və beləliklə, iqtisadi əməkdaşlıq üçün zəruri hüquqi baza yaradıblar.


- Ölkələr arasındakı mədəni və humanitar sahədəki əməkdaşlıq hansı səviyyədədir?


- Azərbaycan və Fransa arasındakı münasibətlər bütün sahələrdə olduğu kimi, mədəni və humanitar sahədə də son illər ərzində sürətlə inkişaf etməkdədir. Fransada təşkil olunmuş festivallarda ölkəmizin təmsilçiliyi genişlənib, yerli teatrlar və konsert zallarında Azərbaycanın aşıq musiqisinin təmsilçiləri, muğam və caz ifaçılarının mütəmadi olaraq konsertlərinin təşkili, həmçinin Paris şəhərindəki bölgələrin meriyaları ilə əməkdaşlığın gücləndirilməsi sayəsində bizim musiqi rəsmi mədəniyyət proqramlarına salınır və beləliklə, daha geniş ictimaiyyətin Azərbaycan barədə məlumatlandırılması təmin olunur. 
Azərbaycanın Fransadakı səfirliyinin əsas fəaliyyəti mədəniyyətimizin müxtəlif tərəflərini keyfiyyətli təqdim etməyə yönəlib. Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə cari ilin 17 fevral tarixində Parisdə xalça sərgisi, konsert və milli mətbəxi özündə əks etdirən geniş tədbir keçirildi və ictimaiyyətdə geniş əks-səda doğurdu. Aprel ayında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Azərbaycanın müasir incəsənət sərgisi” təşkil edildi. Bu cür tədbirlərlə yanaşı, Fransanın müxtəlif mədəniyyət ocaqları ilə əlaqələr genişləndirilib. Luvr və Qime muzeyinin direktorlarının Azərbaycana səfərləri həyata keçirilib və üzümüzə gələn illərdə həmin muzeylərdə Azərbaycana aid sərgilərin təşkili planlaşdırılıb. Azərbaycan hökuməti Fransada mədəni irsin qorunması layihələrinə maliyyə yardımları ayırmaqla bu əməkdaşlığın inkişaf etdirilməsinə təkan verir. Luvr muzeyinin “İslam incəsənəti bölməsi”nin bərpasına, Strasburq şəhərinin Kafedralının şüşəbəndlərinin və Versal sarayının həyətindəki mədəniyyət obyektlərinin restavrasiya edilməsinə göstərilmiş maliyyə yardımları bu qəbildən həyata keçirilən tədbirlərdir.  
Eyni zamanda, Azərbaycan kinosunun inkişaf etdirilməsi istiqamətində də Fransa tərəfi ilə müvafiq danışıqlar aparılıb. Bu il məşhur Kann film festivalı çərçivəsində ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edildi və Fransanın inkişaf etməkdə olan ölkələrdə kino sahəsinin inkişaf etdirilməsinə yardım edən “Cənub fondu” ilə görüşlər keçirildi. Fransa tərəfi ilə “Azərbaycanfilm” kinostudiyasının müasirləşdirilməsi layihəsi ətrafında hal-hazırda danışıqlar davam etdirilir. Fransanın cənubunda yerləşən Ramatuel şəhərində keçirilən klassik musiqi festivalında bu yay Azərbaycan qonaq ölkə qismində dəvət edildi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş bu layihə çərçivəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri böyük uğurla ölkəmizi təmsil etdi. 
Bütün yuxarıda qeyd olunmuş misallar iki ölkə arasında əməkdaşlıq mədəniyyət sahəsində geniş imkanların olduğunu göstərir, bu isə Azərbaycanın Fransadakı imicinin müsbət istiqamətdə inkişaf etdirilməsində və ölkəmiz, onun zəngin tarixi, mədəniyyəti və irsi barədə fransızların məlumatlılığının artırılmasında müstəsna rol oynayır.


- Avropada Azərbaycanı böyük enerji resurslarına malik ölkə kimi tanıyırlar. Təmsil olunduğunuz ölkədə necə, yalnız bunlarla məhdudlaşırlar, yoxsa Azərbaycan iqtisadiyyatının digər sahələrinə də maraq var?


- Məlum olduğu kimi, Fransanın TOTAL şirkəti Azərbaycanın enerji sahəsində artıq çoxdan təmsil olunur, GDF Suez şirkətinin də ölkəmizdə bu sahədə fəaliyyət göstərməyə ciddi niyyəti var. Hazırda Azərbaycan iqtisadiyyatına maraq göstərən fransız şirkətlərinin əksəriyyətini qeyri-neft sektoruna aid etmək olar. Hazırda Azərbaycanda 40-dan artıq fransız şirkəti qeydiyyatdan keçib, bunların arasında tam fransız kapitalı ilə fəaliyyət göstərən şirkətlər mövcuddur, birgə müəssisələr və qərargahları Parisdə olan fransız şirkətlərinin filialları var. Məsələn, Fransanın CNIM şirkəti hazırda Azərbaycanda məişət tullantıların idarə edilməsi layihəsində, “Arianespace” şirkəti Azərbaycanın birinci peyk layihəsinin reallaşdırılması prosesində, TALES şirkəti Gəncə şəhərinin beynəlxalq hava limanının siqnalizasiya sisteminin müasirləşməsində, ALSTOM şirkəti Azərbaycanda müasir dəmir yolu infrastrukturu layihəsində iştirak edir, SYSTRA şirkəti isə Bakı metropoliteninin inkişafı layihəsi üzrə müvafiq beynəlxalq konsorsiumun rəhbəridir. Biz bu şirkətlərlə milli şirkətlərimizin Azərbaycanda birgə istehsal müəssisələri yaratmasını və gələcəkdə istehsal etdikləri əmtəə və xidmətləri digər qonşu ölkələrə ixrac etməsini görmək istərdik. 
Konkret sahələrə gəldikdə isə mən sənaye sahəsində, o cümlədən maşınqayırma, qatar lokomotivlərinin, metro vaqonlarının və ya onların müxtəlif hissələrinin istehsalının qurulmasında, qida məhsullarının istehsalı üçün müasir istehsal obyektlərinin və kənd təsərrüfatı komplekslərinin yaradılmasında, şərabçılığın inkişafında, alternativ enerji sahəsində layihələrin həyata keçirilməsində, müasir turizm obyektlərinin yaradılmasında, o cümlədən Azərbaycanda fəaliyyət göstərən “Şərab” və “Alexandr Düma Qafqazda” adlı mədəni-turizm marşrutları boyu və digər regionlarda turizm-investisiya layihələrinin reallaşdırılmasında, həmçinin informasiya və kommunikasiya texnologiyaları sahəsində və perspektivli sayılan digər xidmət sahələrinin inkişafında fransız şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanlar görürəm. Və böyük inkişaf potensialına malik olan Azərbaycan-Fransa iqtisadi əməkdaşlıq əlaqələrinin inkişafında həm Azərbaycan, həm də fransız iş adamlarını fəal olmağa çağırıram. 


- Fransa erməni lobbisinin geniş fəaliyyət göstərdiyi və dəstək aldığı ölkələrdəndir. Belə bir ölkədə Azərbaycan və Dağlıq Qarabağla bağlı gerçəklərin təbliği nə qədər uğurlu aparılır? Bu sahədə hansı addımlar uğurla nəticələnib?


- Həqiqətən də bu gün Fransada nüfuzlu və yaxşı təşkilatlanmış, eyni zamanda Fransada cəmiyyət həyatının ən müxtəlif sahələrində ciddi təsir imkanlarına malik təxminən 550 minlik erməni diasporu yaşayır. Təbii ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi onların öz səylərini yönəltdikləri məsələlərin sırasında əsas yerlərdən birini tutur. Fransada bərqərar olmuş siyasi sistemin xüsusiyyətləri də, bu və ya digər məsələ üzrə ölkədəki qərar qəbuletmə prosesinə ölkənin müxtəlif yerlərində kompakt şəkildə yaşayan ermənilərin təsirinə imkan verir. Bu xüsusda hazırda deputatları seçicilərin rəylərindən birbaşa surətdə asılı olan Fransa Milli Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə hələ də ehtiyac duyulur ki, səfirlik olaraq bu istiqamətdə davamlı surətdə iş aparmaqdayıq. Senatdakı vəziyyət bir qədər daha qənaətbəxş hesab edilə bilər. Həm Milli Assambleya, həm də Senat üzvləri ilə apardığımız fəaliyyət çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin deputat və senatorlara çatdırılması, bu yolla hər iki qurumda mövzu üzrə ədalətli yanaşma və mövqeyə nail olunması ən başlıca məqsədimizdir. Eyni zamanda, Fransada fəaliyyət göstərən “beyin mərkəzləri”ndə, ali təhsil ocaqları və kütləvi informasiya vasitələrində münaqişə ilə bağlı Azərbaycan tərəfinin mövqeyinin açıqlanması, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilmiş təcavüzün nəticələri barədə məlumatın yayılması, yerli erməni mənşəli təbliğat maşınının səylərinin qarşısının alınması, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı icmasının münaqişənin birbaşa maraqlı tərəfi qismində mövqeyinin fransız ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif konkret tədbirlər keçirilib. Fransa hökumətinin Dağlıq Qarabağ üzrə dəfələrlə bəyan edilmiş mövqeyi isə birmənalıdır. O, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh vasitəsilə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll edilməsinin birmənalı tərəfdarıdır. Son bir neçə il ərzində Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olaraq səfir Bernar Fasyenin simasında iki tərəf arasında aparılan sülh prosesində xüsusi fəallıq göstərir.


- Fransada Azərbaycan diasporunun təşkilatlanma səviyyəsi necədir? Səfirliyin diaspor təşkilatları ilə əlaqələri necə qurulur, təşkilatların işinə necə töhfə verilir?


- Əvvəlcə, onu qeyd edim ki, bu gün Fransada yaşayan Azərbaycan mənşəli şəxslərin sayı çox deyil və bu məsələdə rəhbər tutduğumuz yanaşma həmin şəxslərin fransız cəmiyyətinin tamhüquqlu üzvü olmaqla iki xalqın daha da yaxınlaşmasına töhfə verməsinə çalışmaqdan ibarətdir. Bu baxımdan, Fransa və Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələrində körpü rolunu oynaya biləcək həmyerlilərimizin təşkilatlanması və məqsədyönlü fəaliyyət göstərməsində Səfirlik tərəfindən lazımi səylər göstərilir. 


- Avropa ölkələrinin bəziləri Azərbaycanla bağlı ikili siyasət yürüdür. Bu nədən qaynaqlanır? Azərbaycanın Avropadakı diplomatik nümayəndəlikləri bu ikili standartlara əsaslanan siyasətə son qoymaq üçün hansı addımlar atıb?


- Təkzibedilməz faktdır ki, bu gün dünyada ikili standartlar müşahidə olunur və bu da müxtəlif ölkələrin konkret məsələlər üzrə tutduqları mövqeyi şərtləndirən maraqları ilə izah oluna bilər. Azərbaycan da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddətdən bəri ikili standartlar yanaşmasından əziyyət çəkir. Lakin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursu digər sahələrdə olduğu kimi, bu istiqamətdə də öz bəhrəsini verib. Belə ki, ölkəmizin keçməkdə olduğu sürətli iqtisadi inkişaf yolu, təkcə yerləşdiyi bölgə deyil, onun hüdudlarından xeyli kənarda da aparıcı rol oynaması Azərbaycanın beynəlxalq səhnədə çəkisini əhəmiyyətli dərəcə artırıb və son nəticədə belə yanaşmanın mənfi təsirini azaldıb. Bütün dünya ölkələrində, eləcə də Fransa da daxil olmaqla Avropa ölkələrindəki səfirliklərimiz Azərbaycanın məlum üstünlüklərinə söykənərək ölkəmiz haqda məlumatlılıq səviyyəsinin artırılması və milli maraqlarımıza aid məsələlər üzrə obyektiv yanaşmaya nail olunması istiqamətində məqsədyönlü fəaliyyət aparırlar.

növbəti xəbər əvvəlki xəbər