2017-06-23
Fidan Hacıyeva Parisdə solo konsert verəcək (Oxu.az)

Xalq artisti Fidan Hacıyeva iyulun 14-də Fransanın paytaxtı Parisdə yerləşən “Azərbaycan evi”ndə solo konsert verəcək. Konsert proqramı Fransada milli bayram kimi qeyd olunan Bastiliyanın alınması günü münasibətilə təşkil olunur.

Bu barədə Oxu.Az-a opera ifaçısı özü məlumat verib.

F.Hacıyeva fortepianoda Zülfiyyə Sadıqovanın müşayiəti ilə Üzeyir Hacıbəyov, Jorj Bize və digər Azərbycan və Fransa bəstəkarlarının əsərlərini səsləndirəcək.

Qeyd edək ki, Fidan Hacıyeva 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2000-ci ildə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində açıq səma altında, 15 min tamaşaçı qarşısında çıxış edib. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqənin qalibidir.

2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb, 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif olunub. 2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”nin qalibidir.

2012-ci ildə İtaliyanın Berqamo şəhərində yerləşən Donisetti adına teatrında təşkil edilmiş “Gran Gala” konsertində klassik italyan musiqisinin təbliğindəki xidmətinə görə “Sülhməramlı səfir” diplomu ilə təltif olunub.

2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Xalq artisti” adına laiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb. Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırılır.

 

http://oxu.az/culture/199638

növbəti xəbər əvvəlki xəbər