Azərbaycan mətbəxi Parisdə: Milli yeməklər beynəlxalq tədbirdə rəğbət qazanıb
Paris, 10 sentyabr, AZƏRTAC
Fransanın paytaxtı Parisin məşhur Konkord meydanında 10-cu Beynəlxalq Qastronomiya şəhərciyinin açılışı olub. Şəhərcikdə Azərbaycanın mətbəxi və qədim kulinariya ənənələri də nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə qurulan milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olur və rəğbətlə qarşılanır.
tədbirdə beş qitədən gələn aşpazlarla yanaşı, 80-dən çox ölkə öz milli mətbəxini və zəngin kulinariya irsini təqdim edir. Səfirliklər, istehsalçılar və sənətkarların da iştirak etdiyi tədbir müxtəlif xalqların qastronomik ənənələrinin tanıdılması üçün mühüm platformaya çevrilib.
Milli adət-ənənələrə uyğun bəzədilən Azərbaycan pavilyonunda “Gabala Hospitality Group”u və “Happy Day” şirniyyat evinin hazırladığı milli mətbəximizin seçilən nümunələri – plov, dolma, müxtəlif turşular, şəkərbura, paxlava, badambura, mürəbbələr, çay və digər məhsullar təqdim edilib. Həmçinin milli geyimlər, musiqi və rəqs nümunələri nümayiş olunub.
Azərbaycan mətbəxi də tədbirin diqqətçəkən təqdimatlarından biri olub. Azərbaycan stendində ölkənin zəngin və çoxşaxəli kulinariya irsi, milli yeməkləri və ənənəvi dadları ziyarətçilərə təqdim edilib. Azərbaycan mətbəxinin müxtəlifliyi, təbii məhsullardan istifadə ənənəsi, zəngin ədviyyatları və özünəməxsus hazırlanma üsulları tədbir iştirakçılarına ölkənin mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
Qeyd edək ki, ötən il 54 mindən çox ziyarətçini və 63 ölkəni bir araya gətirən tədbirdə bu il 80-dən çox ölkə öz mətbəxini təqdim edir.